Hesab edirəm ki, Azərbaycanın ən istedadsız rejissoru, ssenaristi, produseri Oqtay Mirqasımovdur. Məhz bu müstəvidə ondan istedadsız bircə nəfər də adam yoxdur.
Onun kino fəaliyyəti məndə həmişə belə bir mənzərə yaradıb:
“Kamera işləyib, işıq yanıb, aktyor oynayıb, danışıb, büdcə də xərclənib, təkcə kino çəkilməyib”.
Bəlkə də, yeganə adamdır ki, heç vaxt film tarixində bir yeniliyi, möhürü də olmadı.
Nə filmə yenilik gətirdi, nə istedadlı bir davamçısı oldu. Ümumiyyətlə, Oqtay Mirqasımov yolunu getmək istəyən tapılmadı bu ölkədə. Biri var ki, bir yol olsun və gedə bilməyəsən, getmək istəməyəsən, biri də var, o yol ümumiyyətlə olmasın.
Məncə, Oqtay Mirqasımov yolu olsaydı, o yolda yer adamın ayağının altından qaçardı.
Məsələn, heç onun filmlərindən yeni aktyorlar da kəşf edilmədi.
Bəlkə də, kimlərsə müdafiə üçün hansısa çəkdiyi filmlərin adını çəkə bilər, ancaq nahaq. Məsələn, əksər adamlar onun “Günaydın, Mələyim” filminin adını çəkir. Ancaq həmin adamlara tövsiyə edərdim ki, “Marina” filminə baxsınlar və onun filminin bu filmin suyunun suyunun suyu, uğursuz dekonstruksiyası olduğunu görsünlər.
Görünür, Oqtay Mirqasımov heç düzəməlli plagiat edə, nədənsə təsirlənə də bilmir.
Onun filmlərində hər şey var. Yəni məsələn, kadr var, dekor var, musiqi var, aktyor var. Sadəcə, bütün bunların niyə bir araya gətirildiyi bilinmir. Elə bil restoran açılıb, aşpaz da var, boşqablar da düzülüb, hesab da ödənilib, amma yeməyi bişirməyi yaddan çıxarıblar.
Deyərdim ki, Oqtay Mirqasımov filmləri müzakirə olunmayan, heç bir mübahisəyə yol açmayan rejissorlardandır. Hətta ən uğursuz filmlər belə uzun müddət müzakirə olunduğu halda, bu cür bir hadisə onun başına gəlməyib. Onun haqqında hamı ucadan susub.
Digər tərəfdən, mən Oqtay Mirqasımovu görəndə bir az da simasına görə əsəbiləşirəm. Doğrudur, onun nurani bir üzü var, elə üzündən-gözündən də bilirsən ki, pis adam deyil. Əlində olsa, çox adama yaxşılıq edər. Di gəl, o sima həm də elə bir simadır ki, çox adama oxşayır. Oxşatdığım üçün üzr istəyirəm, xətrinə də dəyməsin, ancaq bir balaca Kamran Yunislə də bənzərliyi var.
Obrazlı desəm, Kamran Yunis necə şeir deyirsə, Oqtay Mirqasımov da elə film çəkir. Onun qiraət etdiyi şeirlər xırıltılıdır, Oqtay Mirqasımovun filmləri xışıltılı.
Ümumiyyətlə, Oqtay Mirqasımov filmi çəkmir, film çəkilməsi prosesini lentə alır.
Oqtay Mirqasımovun filmlərinin yaxşı tərəfi də var. Məsələn, bir şeyi yaxşıdır ki, adamın yaddaşında iz buraxmır, onunla bağlı nəsə xatırlamırsan, səni narahat edəcək, sənə uzun müddət təsir edəcək heç nə olmur. Bir külək kimi əsir və keçir.
Oqtay Mirqasımovun bir açıqlaması var idi.
Demişdi ki, “Kinoteatrlarda, eləcə də Nizami Kino Mərkəzində millətin zövqünü korlayan bayağı, primitiv filmlər göstərilir. Cəmiyyətə elə filmlər təqdim edilir ki, baxdıqca, xəcalət çəkirsən. Salondan çıxandan sonra düşünürsən ki, bu, kino dəyərlərimizə xəyanətdir”.
Göründüyü kimi, Oqtay müəllim elə bilir ki, özü çox ciddi filmlər çəkib, dəyərlərə xidmət edib.
Ümumiyyətlə, “milli-mənəvi dəyərlər”, “dəyərlərimizə ziddir”, “adət-ənənələrimizi qoruyaq” kimi söhbətləri dəqiqə başı edən bircə nəfər də ciddi sənət adamı yoxdur.
Xüsusilə əd bir yazıçı, rejissor bu söhbətləri edirsə, demək, onunla bağlı hər şey aydındır. Nəsə gözləməyə dəyməz.
Sənət adamı çalışdığı qədər belə söhbətlərdən qaçmalıdır.
Ancaq maraqlıdır, o hansı dəyərdir ki, onu Oqtay Mirqasımov yaşadıb?
Kim onun hansı filminə baxıb və deyib ki, əhsən, sənətkar, bax burada dəyərlərimizi qorudun?
Oqtay Mirqasımov dəyər deyəndə nə nəzərdə tutur?
Elə bilirəm ki, filmlərdə öpüşmə səhnəsi olanda da Oqtay müəllim tez silahlanıb gedir dəyərlərimizin sərhədində keşik çəkməyə.
Oqtay müəllim, belə lap dəyərləri qorumaq üçün həm də dəyərli filmlər çəkmək lazım idi, çəkdiyiniz filmlərdə də bu məsələ qabarıq olmalı idi, ancaq hanı?
Niyə özünüz edə bilmədiyiniz bir şeyi başqalarını “vuraraq” tələb edirsiniz?
Orxan Saffari









