
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Mövzu ilə bağlı Əməkdar müəllim Sona Əliyevanın fikirlərini öyrəndik. O, Redaktor.az-a açıqlamasında bildirdi ki, vacib məsələ təhsildə keyfiyyətdir:
“Azərbaycan məktəbinin bu gün ən ağrılı problemi doğrudanmı müəllimin geyimidir? Təhsildə keyfiyyət, məktəb idarəçiliyi, müəllimin sosial vəziyyəti, şagird davranışı, valideyn-məktəb münasibətləri kimi ciddi məsələlər bir tərəfdə qalır, gündəmin müəllimin geyiminə yönəlməsi isə düşündürücüdür.
Əlbəttə, müəllim məktəbə səliqəli, təmiz və pedaqoji mühitə uyğun geyimdə gəlməlidir. Bu, müzakirə mövzusu deyil. Müəllim uşağın qarşısında nümunədir və onun görünüşü də məktəb mühitinin ciddiliyinə uyğun olmalıdır. Amma bunu elə təqdim etmək olmaz ki, sanki müəllimlər indiyədək kütləvi şəkildə etikadan kənar geyiniblər. Azərbaycan müəllimlərinin böyük əksəriyyəti onsuz da illərdir məktəbə sadə və səliqəli geyimdə gəlir. Üstəlik, geyimlə bağlı standartlar aydın və obyektiv şəkildə hazırlanmasa, bu, məktəblərdə əlavə inzibati təzyiq alətinə çevrilə bilər”.
Müsahibimiz qeyd etdi ki, sabah hansısa direktor şəxsi zövqünü “qayda” kimi tətbiq edərsə, müəllim yenə də müdafiəsiz qalacaq:
“Bu isə məktəb mədəniyyəti deyil, subyektiv nəzarətdir. Digər diqqət yetirilməli məqam isə odur ki, vahid forma və ya xüsusi geyim tələbi qoyulacaqsa, onun xərcini kim qarşılayacaq? Müəllimin maaşı, sosial rifahı, iş yükü və gündəlik xərcləri nəzərə alınmadan yeni tələblər qoymaq ədalətli yanaşma deyil. Geyim qaydası ola bilər, amma bu qayda təhsildəki real problemləri ört-basdır etməməlidir”.
Əməkdar müəllim vurğuladı ki, müəllim nüfuzu pencəklə, rənglə və ya forma ilə yaranmır:
“Müəllimin nüfuzu onun biliyi, peşəkarlığı, sosial statusu və dövlətin ona yaratdığı iş şəraiti ilə formalaşır. Ona görə də bu dəyişiklik yalnız o halda müsbət nəticə verə bilər ki, məqsəd müəllimi nəzarətə almaq deyil, məktəbdə sağlam və peşəkar mühit yaratmaq olsun. Bu addım təhsilin mahiyyətinə yönəlsin, görüntü və bəzək xatirinə atılmış addım olmasın”.








