Beynəlxalq sığorta şirkəti “William Russell” tərəfindən aparılan yeni araşdırma əcnəbilər üçün ən qonaqpərvər ölkə və şəhərləri müəyyən edib.
Yeniavaz.com xəbər verir ki, tədqiqat zamanı əsas diqqət miqrantların ölkəyə girişindən daha çox onların yeni mühitə nə dərəcədə asan inteqrasiya olmasına yönəlib.
Yeni ölkədə ilk 6-12 ay ərzində özünü təhlükəsiz hiss etmək, məşğulluq imkanları, səhiyyə xidmətlərinə çıxış və maliyyə sabitliyi uğurlu miqrasiyanın əsas şərtləridir.
Araşdırmada ölkələr altı əsas meyar üzrə 10 ballıq sistemlə qiymətləndirilib. Bunlara əcnəbilərin subyektiv təcrübəsi, miqrant əhalinin payı, məşğulluq səviyyəsi, immiqrantlara münasibət, qlobal təhlükəsizlik göstəriciləri və viza siyasətinin açıqlığı daxildir.
Reytinqə əsasən, İslandiya 8,94 balla dünyanın ən qonaqpərvər ölkəsi seçilib. Ölkənin lider mövqeyi əcnəbilər arasında yüksək məşğulluq səviyyəsi (84,2 faiz), şəffaf inzibati prosedurlar və cəmiyyətdə yüksək etimad göstəriciləri ilə əlaqələndirilir.
İkinci yerdə 8,69 balla Lüksemburq qərarlaşıb. Tədqiqatçılar bunu ölkədə əcnəbilərin yüksək payı və beynəlxalq mühitə uyğunlaşdırılmış xidmət sektoru ilə izah edirlər.
İlk üçlüyü isə 8,57 balla Yeni Zelandiya tamamlayır.
Ən qonaqpərvər 10 ölkə aşağıdakı kimi olub:
İslandiya – 8,94 xal;
Lüksemburq – 8,69 xal;
Yeni Zelandiya – 8,57 xal;
Avstraliya – 8,54 xal;
İsveçrə – 8,36 xal;
İrlandiya – 7,89 xal;
Kolumbiya – 7,71 xal;
Çexiya – 7,62 xal;
Portuqaliya – 7,47 xal;
Avstriya – 7,40 xal.
Şəhərlərin reytinqi hazırlanarkən isə “Numbeo” portalının məlumatlarından istifadə olunub. Qiymətləndirmədə təhlükəsizlik, sosial rifah və əhalinin həyat keyfiyyəti əsas meyarlar kimi nəzərə alınıb.
Bu kateqoriyada liderlik 9,06 balla Sürix şəhərinə qismət olub. Şəhərin yüksək təhlükəsizlik səviyyəsi və aşağı sosial gərginlik göstəriciləri onun birinci yeri tutmasına imkan verib.
Ən qonaqpərvər 10 şəhər isə aşağıdakı kimi olub:
Sürix – 9,06 xal;
Sinqapur – 8,97 xal;
Tokio – 8,97 xal;
Kopenhagen – 8,72 xal;
Münhen – 8,63 xal;
Praqa – 7,86 xal;
Dubay – 7,61 xal;
Varşava – 7,52 xal;
Seul – 7,44 xal;
Honkonq – 7,26 xal.
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də dünyanın aparıcı meqapolisləri hesab olunan London, Paris və Nyu-York şəhərlərinin ilk onluğa düşməməsi olub. Tədqiqat müəlliflərinin fikrincə, bu şəhərlərdə yüksək əhali sıxlığı əcnəbilərin güclü sosial əlaqələr qurmasını çətinləşdirir.









