Azərbaycan ölkədə daşınmaz əmlak obyektləri alan əcnəbilərə uzunmüddətli vizalar təqdim etməlidir.
Bunu "PASHA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən Azərbaycanın investisiya perspektivlərinə həsr olunmuş forumda çıxış edərkən bildirib.
O qeyd edib ki, xarici investorların cəlb edilməsi üçün brendləşdirilmiş rezidensiyalar iki əsas şərtdən yalnız biridir:
"Məsələn, viza rejimi məsələsi. Bu sistemin Dubayda necə fəaliyyət göstərdiyi hər kəsə yaxşı məlumdur. Siz daşınmaz əmlak alırsınız və 10 illik viza əldə edirsiniz. Azərbaycan da daşınmaz əmlak alışına investisiya yatıranlara uzunmüddətli vizalar təqdim etməlidir. Onlar üçün investisiya prosedurunu sadələşdirməli, əlverişli şərait formalaşdırmalıyıq.
Məhz bu məsələ hazırda hökumətlə dialoqumuzun mərkəzində dayanır. Müəyyən bir dövlət agentliyinin nəzdində mənzillərin könüllü reyestrini yaratmaq məqsədəuyğundur. Belə ki, mən əcnəbi alıcı olaraq mənzil aldıqda onun mənim adıma qeydiyyata alındığına tam əmin olum. Sonradan isə ondan bank sahəsində girov təminatı kimi istifadə etmək və sair mümkün olsun.
Beləliklə, savadlı yanaşma ilə bütün iqtisadiyyata yayılacaq bir sinergetik effekt yaranacaq. Ancaq biz bunu təkbaşına həyata keçirmək iqtidarında deyilik. Bu, hökumətlə birlikdə həyata keçirilməlidir və məhz bu cür müzakirələri biz hazırda fəal şəkildə aparırıq".
Beynəlxalq təcrübədə öz əksini tapan daşınmaz əmlak obyektləri alan əcnəbilərə uzunmüddətli vizalar verilə bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, bu gün ölkəmizin kənar investisiyalara çox böyük ehtiyac var:
“Bunun üçün həm hüquqi, həm institusional, həm iqtisadi baxımdan müəyyən şəraitin yaradılması önəmlidir. Bu istiqamətdə müvafiq qanunlar və qərarlar verilir. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Həmin tədbirlərdə dövlət başçısı başda olmaqla, ölkənin iqtisadi sisteminin rəhbərləri investorlara müvafiq çağırışlar edib.
Onlara münbit şərait yaradılması üçün bütün qərarlar və göstərişlər verilib. Ancaq bu istiqamətdə yenə də görüləsi işlər var. Stimul yaradan, təşviq edən qərarların qəbulu zəruridir.
Cəlal Qasımovun da qeyd etdiyi kimi, beynəlxalq təcrübədən götürülən faktların Azərbaycanda tətbiqi olduqca uğurlu bir mövqe yarada bilər. Əslində xaricdən daşınmaz əmlaka investisiya qoyulması ölkə iqtisadiyyatına töhfədir və buna görə də investor mükafatlanmalıdır.
Burada 10 illik vizanın verilməsi, vergidə və digər müəyyən güzəştlərin tətbiq olunması, eləcə də investorlara uzunmüddətli yaşayış vizalarının verilməsi, yaşayış üçün miqrasiya şərtlərinin asanlaşması, hətta müəyyən məbləğdən sonra vətəndaşlıq statusunun verilməsi imkanlarının dəyərləndirilməlidir.
Nə olursa olsun, ölkəyə investisiya cəlb olunmalıdır ki, ölkə iqtisadi cəhətdən güclü olsun. Çünki bu gün dünyada qlobal inflyasiya, maliyyə, istehsalda problemlər, münaqişələr, enerji daşıyıcılarının qiymətində artım mövcuddur.
Belə bir vəziyyət Azərbaycana da təsir göstərir və bu təsirin qarşısını almaq, iqtisadi fəallığı yaratmaq üçün mütləq investorlara bərabər və təşviq olunan status düşünmək lazımdır”.
Vüqar Oruc qeyd edib ki, hazırda qanunla Azərbaycanda xarici vətəndaşlara torpaq satılmır:
“Torpaq milli atributdur və bu baxımdan ancaq söhbət mənzillərdən gedə bilər. Bu cür addımlar atanda investorlar bilməlidir ki, onların qarşılığında müəyyən güzəştlər və mükafatlar olacaq.
Tamamilə bu fikirlərlə razıyam ki, investisiya mühiti sadələşdirilməlidir, vergi güzəştləri tətbiq olunmalıdır. Xarici investorları maraqlandırılmalıdır ki, Azərbaycana yatırım etsinlər.
Yatırım olmasa, Azərbaycan iqtisadiyyatı inkişaf edə bilməz. Bizim öz potensialımız müəyyən yerə qədərdir. Mütləq kənardan investisya cəlb olunması vacibdir.
Ölkənin kənd təsərrüfatına, sənayesinə, iqtisadiyyatına, daşınmaz əmlak bazarına bu investisiyalar vasitəsilə əldə olunan gəlirdən dövlətimizdə istehsal sahələrinin yaradılmasına, vətəndaşların işlə təmin olunmasına şərait yaradılmalıdır.
Turizm sahəsinə investisiyalar üçün mühüm addımlar atılmalıdır. Çünki bu sektor Azərbaycanda perspektivli sahədir. Sözün əsl mənasında bu addımların atılması vacibdir”.









