Bu gün, mayın 20-də İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə iş üzrə hazırlıq iclası ötən həftə baş tutub. Həmin iclasda Saleh Səmədovun vəkili müdafiə etdiyi şəxsin yaşını və səhhətindəki problemləri nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırmışdı. Məhkəmə isə vəsatəti bu mərhələdə əsaslı hesab etməyərək təmin etməmişdi. Xatırladaq ki, ötən il mayın 9-da – faşizm üzərində qələbə günü münasibətilə İmişlidə keçirilən tədbirdə Saleh Səmədov SSRİ bayrağı qaldırıb, sinəsinə “Georgi lenti” taxaraq çıxış edib. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları onun bu hərəkətlərindən sonra saxlanılmasını həyata keçiriblər. İstintaq materiallarında və yayılan məlumatlarda qeyd olunur ki, geniş imkanlara sahib olduğu bildirilən Saleh Səmədov özünü rayonda toxunulmaz şəxs kimi aparıb. Onun davranışları ilə bağlı diqqət çəkən epizodlardan biri də həbsindən aylar əvvəl baş verib. Belə ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılan Səmədov sənədlərini təqdim etməkdən imtina edib, həm DYP əməkdaşını, həm də Azər Tağıyevi ağır ifadələrlə təhqir edib. Məlumata görə, o, “rayonun rəisi belə onun avtomobilini saxlada bilməz” deyərək hüquq-mühafizə orqanlarının ünvanına nalayiq ifadələr işlədib.
Həmin görüntülərin kamera qeydlərində əks olunduğu bildirilir. Bu hadisədən sonra İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə materiallar məhkəməyə göndərilib və Saleh Səmədov 30 sutkalıq inzibati həbs cəzası alıb. Daha sonra apellyasiya şikayəti nəticəsində cəza müddəti 15 sutkaya endirilib.
İddialara görə, həmin dövrdə Saleh Səmədov əlaqələrindən istifadə edərək cəzanın yüngülləşdirilməsinə və ya faktiki olaraq həbsdə saxlanılmamasına çalışıb. Onun yaxın münasibətdə olduğu deyilən bəzi nüfuzlu şəxslərin də prosesə müdaxilə etməyə cəhd göstərdiyi bildirilir. Lakin nəticədə Səmədov cəzasını tam şəkildə çəkdikdən sonra azadlığa buraxılıb. Hazırda Saleh Səmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələrin sanksiyasında 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.









