
Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsi rayonda yaşıllaşdırma, işıqlandırma və abadlıq işlərində istifadə olunacaq mal-materialların və ehtiyat hissələrinin satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan ümumi qiyməti 99.868,71 AZN məbləğində müəyyənləşdirilib.
Texniki sənədlərə əsasən, ayrılan 100 min manata yaxın vəsait hesabına rayonda əkilmək üçün 1000-dən çox iynəyarpaqlı ağac, şimşad, oleandr, kameliya, abeliya və viburnum kolları, eləcə də 1 ton gübrə tədarük olunacaq. Bununla yanaşı, siyahıda park və xiyabanların təmizlənməsi üçün qazonbiçən maşınlar, motorlu mişar, torpaqqazan və müxtəlif bağ alətləri (bel, dırmıx, dəryaz, dəhrə, yaba və çəkisi 10 kq-dan çox olan lomlar) yer alıb. Maraqlıdır ki, yaşıllaşdırma tenderinə kommunal işçiləri üçün geyim, fəhlə ayaqqabısı, rezin çəkmə, sabun, su şlanqı və xüsusi texnika (MAZ KO 806-20) üçün böyük ölçülü avtomobil şinləri də daxil edilib.










