Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Müsahibimizlə söhbətimizdə prezident İlham Əliyevin xarici risklərlə bağlı dediklərinə toxunmuşuq.
Müsahibəni təqdim edirik:
- Natiq bəy, dövlət başçısı Şuşada dedi ki, sərhədlərimizdən kənarda risklər və təhlükələr var. Sizcə, prezident konkret olaraq nəyi nəzərdə tutur?
- Ən böyük risk Rusiya-Ukrayna müharibəsi və İran ətrafında davam edən proseslərdir. Eyni zamanda, müxtəlif dövrlərdə cənubdan dini-ideoloji zəmində təsirlər görmüşük. Rusiyadan da Azərbaycanın daxili siyasi həyatına qarışmaq cəhdləri olub. Məsələn, “Milyarderlər ittifaqı” və başqa siyasi proseslər baş verib. Yəni fiziki və siyasi təsirlərdən söhbət gedir. Bu nöqteyi-nəzərdən coğrafiyamız taleyimizdir. Çünki həm şimal, həm cənubdan tarix boyu təhdidlər olub. Bu gün də həmin təhdidlər sıfırlanmayıb. Düzdür, Azərbaycan güclənib, müttəfiqləri ilə əlaqələri möhkəmlənib, tərəfdaşları artıb. Lakin hər bir halda şimal və cənubdan təhdidlər tam aradan qalxmayıb.
- Prezident onu da qeyd etdi ki, “Sakit həyat olmayacaq, buna ümid bəsləməyin”. Yəni bu münaqişələrin uzun müddət davam edəcəyi deməkdir?
- Əgər təhdidlərdən kənar olmağı qarşımıza hədəf kimi qoymuşuqsa, elə bu ehtimal üzərindən də davranmalıyıq. Yəni sabah təhdid olanda bizi şok vəziyyətdə yaxalamasın. Buna hazır olmalıyıq. Çünki ətrafımızda davam edən müharibələrin, hadisələrin nə vaxt bitəcəyi bilinmir. Hətta atəşkəs olsa belə, o demək deyil ki, Rusiyada problemlər həllini tapacaq. Nəzərə alaq ki, şimal qonşumuzun parçalanması da ola bilər. Həmçinin İranla məsələnin nə zaman yekunlaşacağı heç kəsə məlum deyil. Əgər ABŞ İranla münaqişəyə son qoyarsa, ardınca qonşu ölkədə daxili problemlər özünü qabarıq şəkildə göstərəcək. Bunun da Azərbaycana təsirləri olacaq.
- O halda, bu riskləri nəzərə alaraq, İlham Əliyevin çıxışından belə bir nəticəyə gəlmək olar ki, quru sərhədlərimiz hələ xeyli müddət qapalı saxlanacaq?
- Bu fikirləri eşidəndə mən də belə düşündüm. Çünki xaricdən təhdidlər mümkündür. Amma vətəndaşları da düşünmək lazımdır. Məsələn, vətəndaşlarımız xaricdən qayıdanda ölkəyə quru sərhədlə rahat giriş edə bilər. Yaxud ölkədən gedirsə, nə təhlükə ola bilər? Bu variantlar üzərində düşünmək lazımdır. Məsələn, əcnəbilər üçün bəlkə quru sərhədlər açıq olmaya bilər. Ona görə ya gedəndə, ya qayıdanda vətəndaşlarımız üçün quru sərhədi açıq qoymaq mümkündür. Bu, daha rahat olar. Tutaq ki, təyyarə ilə gedirsən, quru sərhədlə qayıdırsan. Bütün hallarda müəyyən yumşalmaya getmək lazımdır. İnsanların da gözləntisi var. Sadəcə, bu açıqlamalardan da belə görünür ki, quru sərhədlər hələ tam açılmayacaq, Nazirlər Kabinetinin qərarı ilə bu ilin sonuna qədər uzadılacaq. Amma yenə də tələskənliyə yol verməyin tərəfdarı deyiləm, payızda başqa qərarlar da ola bilər. Çünki qonşu ölkələrdən də Azərbaycana xahiş və çağırışlar var. O baxımdan, dostluq münasibətləri nəzərə alınaraq, quru sərhədlərin açılması ilə bağlı bəzi yumşalmalar istisna deyil.







