Məhkəmə qərarı ilə Türkiyənin aparıcı müxalifət partiyası Cünhuriyyət Xalq Partiyasına (CHP) qəyyum təyin olunan Kamal Kılıçdaroğlu, yerinə gətirildiyi Özgür Özəlin yeni partiya quracağı ilə bağlı iddialara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə TV100-ün efirində danışıb.
“Deyirlər ki, ayrı partiya quracağıq. Nədir səbəb? Siz partiyanın üzvüsünüz, partiyadakı qrupun sədrisiniz, buna baxmayaraq, ayrı bir partiya yaratmaq üçün çalışdığınızı deyirsiniz. Bu, yolverilməzdir. Biz danışırıq; aramızda heç bir dava və ya fiziki qarşıdurma olmayıb. Sonuncu dəfə bir ay yarım əvvəl söhbət etmişik. Özəlin partiyadan ayrılmasına ehtiyac yoxdur; o, öz mübarizəsini partiya daxilində də apara bilər. Buna heç bir etirazım olmaz. Keçmişdə də belə şəxslər ortaya çıxıb. Lakin partiya daxilində paralel bir strukturun mövcud olması mümkün deyil”, - Kılıçdaroğlu bildirib.
O bildirib ki, heç kimin CHP-ni tərk etmək kimi bir seçimi olmamalıdır:
“Ölkəni bu vəziyyətə salanlara qarşı mübarizə aparmalıyıq. Yeni partiya qurub nə deyəcəksiniz? Əgər mənim dediklərimi deyəcəksinizsə, niyə gedirsiniz? Yox, əgər niyyətiniz AKP-yə (hakim Ədalət və İnkişaf Partiyası – red.) qoşulmaqdırsa, buna deyəcək sözüm yoxdur”.
Xatırladaq ki, məhkəmə CHP-nin 4–5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.









