Son dönəmlər Türkiyə və İsrail mətbuatında əsas müzakirələr tərəflərin bir-birinə qarşı səsləndirdiyi sərt ifadələr üzərində cəmlənib. İsrail hökumətinin Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş verən hadisələri, xüsusən də ermənilərin kütləvi qətlini "soyqırımı" kimi qəbul etməsi, tərəflər arasındakı gərginliyi pik həddə çatdırıb.
İsrailin Baş naziri Benyamin Netanyahu, Türkiyənin NATO üzvü olmasına baxmayaraq Kiprin yarısını işğal etdiyini iddia edib. Onun sözlərinə görə, Osmanlı imperiyasının 400 illik hakimiyyəti başa çatıb və hazırda qarşılarında daha güclü İsrail var. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə ona cavabında, İsrailin gözü dönmüş dəstə tərəfindən idarə olunduğunu, lazım gələrsə, onlara savaşla cavab verəcəklərini açıqlayıb. H.Fidan bildirib ki, İsrail yalnız Türkiyənin deyil, beynəlxalq birliyin probleminə çevrilib. Netanyahunun NATO sammitindən sonra ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığı beynəlxalq aləmdə böyük rezonans doğurub. Baş nazir, F-35 qırıcılarının Türkiyəyə tədarük edilməsinə qarşı olduğunu vurğulayıb.
İsrailin milli təhlükəsizlik doktrinasında, Türkiyənin potensial təhdid kimi qiymətləndirilməsinə hansı geosiyasi amillər təsir edir?
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, Türkiyə İsrail münasibətləri hər zaman gərgin olub:
“Bunun təməl səbəbi, İsrailin Fələstin xalqının suverenliyini tanımaması və HƏMAS-İsrail qarşıdurması fonunda, mülki əhalinin hədəf alınmasıdır. Ərdoğan digər ölkə liderlərindən fərqli olaraq İsrailin işğalçı və cinayət xarakterli əməllərini açıq şəkildə tənqid edir. İsrail faktiki olaraq, müsəlman dövlətlərin ərazilərinə göz dikib. Onlar Yaxın Şərqi tamamilə ələ keçirib, Böyük İsrail dövləti yaratmağı hədəfləyir. İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıyaraq parlamentin təsdiqinə göndərməsi, Tel-Əviv və Ankara arasındakı diplomatik bağları tamamilə qopardı. Azərbaycanın təzyiqlərindən sonra bu təşəbbüs dayandırıldı. Buna baxmayaraq, İsrail və Türkiyə arasındakı gərginlik səngimək bilmir. Türkiyə müsəlman dövlətlərini bir-bir İsrailin caynağından qurtarmağa çalışır. Suriya ilə başlayan bu proses artıq İrana doğru istiqamət alır”.
Politoloqun sözlərinə görə, İsrailin aqressiv siyasəti yəhudiləri regiondan təcrid edəcək:
“Tel-Əviv nəinki özünün, hətta müttəfiqi ABŞ-nin belə imza atdığı beynəlxalq öhdəliklərə məhəl qoymur. Vaşinqton və İran arasında iyunun 18-də imzalanan bəyannamədən sonra, İsrail onun ilk maddəsini Livana zərbə endirməklə pozdu. Bununla yanaşı, İsrail ərazisində bir ABŞ vətəndaşı İrana casusluq etmək ittihamı ilə həbs olundu. ABŞ tarix boyu sözünə və vədinə əməl etməyən dövlətlərlə münasibələri dayandırıb. Türkiyə-ABŞ münasibətləri yaxşılaşdıqca, Tel-Əviv və Vaşinqton arasındakı əlaqələr pisləşəcək. İsraili dəstəkləyən ona arxa çıxan yeganə ölkə Amerikadır. Əgər onu da itirsələr, çox acınacaqlı vəziyyətə düşəcəklər. Netanyahunun Türkiyəni təhdid kimi görməsinin digər səbəbi isə NATO daxilində 2-ci ən böyük güc mərkəzinə çevrilməsi ilə bağlıdır. Tramp özü də Ankarada baş tutan NATO sammitinə, Ərdoğanın xaişi əsasında gəldiyini bildirdi. Artıq Ərdoğanın tək bir xaiş və sözü digər liderlər üçün qanuna çevrilib. Türkiyə və İsrail arasında yaşananlar hələ ki, siyasi qarşıdurma mərhələsindədir”.
E.Həsənov qeyd edib ki, Trampın F35 qırıcılarını Türkiyəyə verəcəyinə dair fikirlər səsləndirməsi İsraili qorxuya salıb:
“Çünki F-35 düşmən radarlarını və təyyarələrini aşkar edib bu məlumatları digər F-16-lərə ötürə bilir. İsrail hökuməti, F-35 təyyarələri ilə güclənmiş Türkiyəni özünün regional işğalçılıq planları üçün böyük təhlükə olaraq görür. Ona görə də Netanyahu, Trampdan F-35-lərin Türkiyəyə verilməsi məsələsinə yenidən baxılmasını xaiş edir. Kipr və Yunanıstanı qızışdıran da İsraildir. Türkiyənin yerli müdafiə sənayesi 2026-cı ilə tarixi zirvəsinə çatıb. NATO-nun baş katibi Mark Rutte Türkiyədə 3000-dən artıq hərbi texnika hazırlayan şirkətlərin olduğunu açıqladı. 5-ci nəsil milli döyüş təyyarəsi olan "KAAN"ın uğurlu uçuşları, Türkiyəni dünyada bu texnologiyaya sahib olan barmaqla sayılacaq dövlətlərdən birinə çevirib. Yerli şirkətlər, hazırda reaktiv PUA layihələri üzərində çalışır. Bu aparatların mühərriklərinin ABŞ-dən tədarük edilməsi barədə də danışıqlar gedir. İsrail nə qədər cəhd etsə də, Trampı F-35 qırıcılarının Türkiyəyə verilməsi fikrindən daşındıra bilməyəcək”.









