SEPAH və İran Kəşfiyyat Nazirliyinə bağlı mərkəzlər sosial media, xüsusən Teleqram kanalı vasitəsilə casus toplayırlar.
Axar.az xəbər verir ki, bu barədə təklif alan bəzi istifadəçilər bildiriblər.
Məlumata görə, adı çəkilən mərkəzlər Teleqram kanalınını idarə etmək üçün admin axtardıqları barədə elan verirlər. Təklif olunan məbləğə görə həmin elanla bağlı müraciə edən xüsusən yoxsul şəxslərə həm də Feysbuk sosial şəbəkəsində yeni səhifə açılır, onlardan hələlik bu adlarla İranın siyasi-ideoloji təbliğatı ilə məşğul olan səhifələri bəyənmələri, "faydalı" şərhlər yazmaları istənilir.
Bəlli bir müddətdən sonra "sınaqdan çıxan" həmin sosial media istifadəçilərinə əlavə tapışırıqlar verilir, onlardan öz səhifələrində də İran hökuməti xeyrinə təbliğat məzmunlu paylaşımlar edilməsi tapışırılır.
Məlumatlara görə, bir sıra xüsusi hallar və həssas zamanlarda həmin şəxslərə paylaşmaq üçün hazır materiallar göndərilir.
Bunun xüsusən İranla həssas münasibətlərdə olan, iranlı siyasi fəalların çox olduğu və İsraillə əlaqələri yaxşı olan ölkələrin vətəndaşlarını hədəf aldığı bildirilir.
Bəzi məlumatlara görə, hazırda İranda yaşayan yerli trollar üçün gündəlik məvacib 400,000 tümən (təxminən 4 AZN), yenicə cəlb olunan Azərbaycan Respublikası vətəndaşları üçün də həmin məbləğ nəzərdə tutulur.
Rusiya və başqa ölkələrdə yaşayan azərbaycanlılar üçün isə bu məbləğin daha yüksık olduğu qeyd olunur.
Ələ alınan şəxslərə kriptovalyuta (və ya ödəniş tətbiqləri) ilə edilən ödənişlər dinamik (birdəfəlik) kodlar kimi innovativ metodlar vasitəsilə həyata keçirilir. Bu metodlar əməliyyatların təhlükəsizliyini xeyli artırır və fiziki kartlara və ya əl ilə məlumatların daxil edilməsinə ehtiyacı aradan qaldırır.
Bununla yanaşı ödənişlər iranlı sərraflardan (pul dəyişən) ibarət şəbəkəyə bağlı şəxslər vasitəsilə də həyata keçirilir.
Məlumatlı mənbələrin bildirdiyinə görə, xüsusən Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə və Orta Asiya ölkələrində bəlli bir müddətdən sonra təcrübə qazanan, sədaqətlərini sübut edən şəxslər İran kəşfiyyat qrupları və SEPAH-a bağlı biznes şəbəkəsi ilə əlaqələndirlir, onların daha çox maddi qazanc əldə etməsi və qeyd olunan məqsədlər üçün daha çox "əməkdaş"ın cəlb olunması üçün əlavə imkanlar yaradılır.
Bu günə kimi bəzi ölkələrdə, xüsusən İsrail və Avstraliyada bu vasitə ilə ələ alınan şəxslər saxlanılıb, onlar qeyd olunan formada əldə etdikləri ödənişlər qarşılığında İrana tələb olunan məlumatları ötürdüklərini və təbliğatçı, troll kimi fəaliyyət göstərdiklərini etiraf ediblər.
Avstraliyada bu daha geniş yayıldığı üçün ölkə polisi vətəndaşlara xəbərdarlıq edərək, onlardan İran mənşəli bu qəbildən olan təklif və "iş" elanları barədə əlaqədar dövlət qurumlarına məlumat vermələrini istəyib.








