Müasir dövrdə orduların gücü ilk növbədə onların döyüş qabiliyyəti və iştirak etdikləri əməliyyatlarla qiymətləndirilir. Bu baxımdan Azərbaycan Ordusu 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları ilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ordu Günün ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycan Silahlı Qüvvələrində yeni hərbi hissələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin inkişafı və peşəkar ordu modelinə keçid ordumuzun gücünü daha da artırır:
“Azərbaycan son illərdə Türkiyə, Pakistan və İtaliyadan müasir silahlar əldə etməklə yanaşı, yerli müdafiə sənayesini də inkişaf etdirib. Yeni texnika və silahların bir qismi hərbi paradda nümayiş olunub. Azərbaycan Ordusu eyni zamanda beynəlxalq təlim və tədbirlərdə fəal iştirak edir. Bu, həm ordunun peşəkarlığını artırır, həm də ölkənin hərbi nüfuzunu gücləndirir. Hesab edirəm ki, Azərbaycan Ordusunun beynəlxalq reytinqi gələcəkdə daha da yüksələcək.
Regionda sülhə və əməkdaşlığa baxmayaraq, vəziyyəti gərginləşdirmək istəyən qüvvələr hələ də mövcuddur. Ermənistanla yaxınlaşma prosesi, siyasi və iqtisadi əlaqələrin inkişafı fonunda Cənubi Qafqazda hər hansı ciddi gərginlikdən danışmaq doğru deyil. Bu cür iddialar daha çox müəyyən dairələrin arzu və istəklərinin ifadəsidir.
Azərbaycan Ordusu inkişafını davam etdirir, yeni qərarlar qəbul olunur və müdafiə qabiliyyəti daha da gücləndirilir”.








