Kreml hazırda çətinliklə də olsa, hələlik ölkədaxili vəziyyətə nəzarəti əlində saxlaya bilir, ancaq Ukrayna savaşı uzandıqca, Rusiyanın qarşılaşdığı iqtisadi və sosial problemlərin daha da dərinləşmə ehtimalı da artır... Ona görə də, Kremlin son vaxtlar sərtləşən xarici siyasət ritorikası və nüvə faktoru üzərindən təhdidkar mesajları yalnız hərbi-strateji məqsədlərə deyil, həm də ölkədaxili sabitliyin qorunmasına yönəlik "siyasi-psixoloji alət" kimi görünür...
Ukrayna savaşının uzanması Rusiyanın siyasi və hərbi strategiyasını getdikcə, daha çox sınağa çəkməyə başlayıb. Belə ki, müharibənin ilk mərhələlərində sürətli qələbə planları quran Kreml artıq bu savaşın yaratdığı iqtisadi, maliyyə və sosial nəticələrlə üz-üzə qalıb. Son məlumatlar onu göstərir ki, Ukrayna savaşının neqativ təsirləri artıq yalnız döyüş meydanında deyil, Rusiyanın daxili iqtisadi sistemində də ciddi şəkildə hiss olunmağa başlayıb.
Məsələ ondadır ki, "Reuters" agentliyinin məlumatına görə, Rusiya daxili bazarda yaranan yanacaq çatışmazlığını Qazaxıstandan Aİ-92 markalı benzin idxalı ilə qapatmağa çalışır. Bu baxımdan, dünyanın ən böyük neft və qaz ixracatçılarından biri hesab olunan Rusiyanın benzin idxalı variantını müzakirə etməsi belə, olduqca diqqətçəkən hadisədir. Və bu, Kremlin maliyyə-iqtisadi cəhətdən nə qədər ağır vəziyyətə düşmüş ola biləcəyini təxmin etməyə imkan verir.
Maraqlıdır ki, bəzi məlumatlara görə, Rusiyanın bir sıra iri neft emalı zavodlarının fəaliyyətində yaranmış problemlər nəticəsində bu ölkədə benzin istehsalı təxminən 25 faiz azalıb. Son aylarda Ukraynanın PUA-lar vasitəsilə Rusiyanın müxtəlif bölgələrində yerləşən enerji infrastrukturu obyektlərinə endirdiyi zərbələr də bu prosesə əlavə dağıdıcı təsirlər göstərib. Və nəticədə Kreml yalnız cəbhədə deyil, eyni zamanda, ölkədaxili iqtisadi sabitliyin qorunmasında da əlavə çətinliklərlə üzləşməyə başlayıb.
Əslində, Ukraynanın son strategiyası məhz Rusiyanın hərbi-sənaye potensialını və logistika imkanlarını zəiflətməyə hesablanıb. Əgər, müharibənin ilk mərhələlərində əsas diqqət işğal olunmuş ərazilərdəki hərbi əməliyyatlara yönəlmişdisə, indi rəsmi Kiyev Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarını, hərbi aerodromları, silah anbarlarını və enerji obyektlərini hədəfə almağa üstünlük verir. Və bu isə Kremlin uzunmüddətli müharibə aparmaq imkanlarını tədricən məhdudlaşdırmağa yönəlmiş strategiya kimi görünür.
Məhz bu səbəbdən də Kreml Rusiyada daxili sabitliyin qorunmasına əvvəlki dövrlərdən daha çox önəm verməyə başlayıb. Kremldə yaxşı anlayırlar ki, iqtisadi böhranın dərinləşməsi, qiymət artımları və sosial problemlərin genişlənməsi Rusiya cəmiyyətdə ictimai narazılığın artmasına səbəb ola bilər. Xüsusilə də, Ukrayna müharibəsinin uzanmasına paralel olaraq, Rusiya əhalisinin gündəlik həyatında hiss olunan neqativ dəyişikliklər siyasi-ideoloji baxımdan, əlavə risklər yaradır.
Bütün bunları nəzərə aldıqda, Rusiya prezidenti Vladimir Putinin son bəyanatları xüsusi maraq doğurur. Prezident Vladimir Putin Qərb ölkələrinin hələlik öz ərazilərindən Rusiyaya qarşı birbaşa hərbi əməliyyatlara qoşulmadıqlarını vurğulayaraq, bunun əsas səbəbini məhz mümkün cavab zərbəsindən çəkinmələri ilə izah edib. Və bununla da o, faktiki olaraq, NATO ölkələrinə növbəti dəfə sərt xəbərdarlıq mesajı göndərməyə çalışıb.
Təbii ki, Rusiya prezidentinin bu radikal məzmunlu açıqlamaları qətiyyən təsadüfi deyil. Çünki son vaxtlar Baltikyanı regionda, Şərqi Avropada və Qara dəniz hövzəsində hərbi-siyasi gərginlik ciddi şəkildə artmaqdadır. Kremldə hesab edirlər ki, Qərbin Ukraynaya verdiyi hərbi dəstək artıq dolayı iştirak mərhələsini keçərək, münaqişənin nəticələrinə birbaşa təsir göstərən həlledici faktora çevrilməyə başlayıb. Və ona görə də, Kreml Rusiyanın təhlükəsizlik narahatlıqlarını daha sərt şəkildə ifadə etməyə çalışır.
Ancaq bütün bunlarla yanaşı, daha bir önəmli və narahatedici məqam da diqqəti çəkir. Belə ki, Rusiya siyasi dairələri son vaxtlar nüvə faktorunu yenidən ön plana çıxarmağa başlayıb. Bu, müəyyən mənada, Kremlin qlobal məkanda qarşılaşdığı strateji məhdudiyyətlərə reaksiyanın göstəricisi də hesab edilə bilər.
Məsələ ondadır ki, Ukrayna savaşının başlanğıcında Rusiyanın hərbi və iqtisadi imkanlarının Qərbin sanksiyalarına baxmayaraq, daha uzun müddət yetərli ola biləcəyi ehtimal edilirdi. Ancaq zaman keçdikcə, hərbi xərclərin sürətlə artması, texnoloji məhdudiyyətlər, ixrac bazarlarındakı dəyişikliklər və investisiya problemləri Kremlin manevr imkanlarını artıq ciddi şəkildə daraltmağa başlayıb.
Halbuki, Rusiya hələ də böyük resurslara malik dövlət hesab olunur. Bununla belə, Kremlin bu resurslardan effektiv istifadəsi getdikcə, daha mürəkkəb xarakter alır. Məhz ona görə də, son vaxtlar nüvə arsenalı Rusiyanin qlobal güc statusunun əsas təminatçı faktoru kimi daha çox ön plana çıxır. Kremldə artıq anlayırlar ki, adi silahlarla NATO ilə birbaşa hərbi qarşıdurma Rusiyanın maraqlarına uyğun deyil. Ona görə də, Rusiyanın ritorikasında nüvə potensialı həm hərbi, həm də siyasi baxımdan, ən önəmli çəkindirmə aləti olaraq qalır.
Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın son açıqlamaları da məhz bu mövzuya toxunur. Belə ki, Ağ Ev sahibi ABŞ, Rusiya və Çinin nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı yeni razılaşmalar əldə etməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, hazırda mövcud olan nüvə arsenalı planetin dəfələrlə məhv edilməsinə kifayət edə bilər. Və ona görə də, yaxın gələcəkdə strateji hücum silahlarına nəzarət mexanizmlərinin yenilənməsi zəruridir.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın bu mövqeyi qətiyyən təsadüfi deyil. Çünki son illərdə nüvə silahlarına qlobal nəzarət sisteminin əsas sütunları artıq ciddi şəkildə zəifləyib. Belə ki, "soyuq müharibə" dövründən qalan bir sıra müqavilələr ya ləğv olunub, ya da faktiki olaraq, hüquqi qüvvəsini itirib. Üstəlik, ABŞ-Rusiya münasibətlərinin qeyri-müəyyən olması və Çin faktorunun da ciddi şəkildə güclənməsi qlobal nüvə balansını daha mürəkkəb vəziyyətə salıb.
Bütün bunlarla yanaşı, nüvə silahı ətrafında aparılan siyasi müzakirələrdə mühüm bir reallıq hələ də dəyişməz olaraq qalır. Belə ki, nüvə arsenalına sahib olmaq və ondan istifadə etmək tamamilə fərqli məsələlərdir. Çünki nüvə silahının tətbiqi yalnız hərbi-siyasi deyil, eyni zamanda, bir dövlətin gələcəyini müəyyən edəcək tarixi seçim ola bilər. Və belə bir addımın beynəlxalq münasibətlər sistemində geriyə dönüşü olmayan nəticələr doğura biləcəyi isə qətiyyən şübhə yaratmır.
Ona görə də, bir çox Qərb ekspertləri Kremlin aqressiv nüvə ritorikasını hazırkı mərhələdə daha çox siyasi-psixoloji təsir mexanizmi kimi qiymətləndirirlər. Yəni, Kreml bununla, həm ABŞ və Qərbi çəkindirməyə, həm də ölkədaxili auditoriyaya Rusiyanın hələ də qlobal güc olaraq, qaldığını göstərməyə çalışır. Halbuki, bütün bunlar Rusiyanın qarşısında duran əsas və ciddi problemləri də dəyişmir. Əksinə, müharibə uzandıqca, Rusiyanın iqtisadi yükü artır, ölkə daxilində sosial risklər genişlənir və hərbi resursların yenidən bərpası isə daha çətin prosesə çevrilir. Və bütün bunlar Kremlin gələcək hərbi-siyasi strategiyasına birbaşa təsir göstərə biləcək önəmli faktorlardır.
Göründüyü kimi, hazırkı mərhələdə Kreml çətinliklə də olsa, hələlik vəziyyətə nəzarəti əlində saxlayır. Ancaq müharibənin davam etməsi ilə Rusiyanın qarşılaşdığı iqtisadi və sosial problemlərin daha da dərinləşmə ehtimalı artır. Bu baxımdan, Kremlin son vaxtlar sərtləşən xarici siyasət ritorikası və nüvə faktoru üzərindən verdiyi təhdidkar mesajlar yalnız hərbi-strateji məqsədlərə deyil, həm də ölkədaxili sabitliyin qorunmasına yönəlik "siyasi-psixoloji alət" kimi də dəyərləndirilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"








