Almaniya Sosial-Demokrat Partiyasının üzvü və Bundestaq deputatı Frank Şvabe növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı məruzə və qətnamə layihəsi səs çoxluğu ilə qəbul olunub. Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe müzakirələr zamanı növbəti dəfə ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndirib. O, bənzər yanaşmanı Qarabağ məsələsində də sərgiləyərək, Köçəryandan daha radikal erməni obrazında çıxış edirdi.
Şvabenin Azərbaycana qarşı bu düşmən mövqeyinin səbəbi nədir?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Frank Şvabe yenə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək ölkəmizi tənqidi fikrə dözümsüzlükdə ittiham edib:
“Bununla da o, həqiqətləri təhrif etməyə çalışıb. Frank Şvabe ənənəvi mövqeyindən çıxış edir. Radikal, islamofob və türkofob düşüncənin daşıyıcısı olduğu üçün Azərbaycanın inkişafını heç vaxt istəmir. Bir müsəlman ölkəsinin qalib dövlət kimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verməsini qəbul edə bilmir.
Onu narahat edən əsas məsələlərdən biri də Azərbaycanın xarici müdaxilə cəhdlərinə qarşı qətiyyətli mövqe sərgiləməsidir. Azərbaycan radikal meyillərin yayılmasına imkan vermir, bütün tərəfləri beynəlxalq hüquqa və ədalət prinsiplərinə hörmət etməyə çağırır. Lakin görünür, bu dəyərlər Frank Şvabe üçün yaddır.
O, uzun illərdir müxtəlif siyasi dairələr tərəfindən təzyiq aləti kimi istifadə olunan söz, fikir və mətbuat azadlığı məsələlərini yenidən gündəmə gətirərək, guya Azərbaycanda bu hüquqların pozulduğunu iddia edir. Bu yanaşma reallıqdan uzaqdır və ciddi əsaslara söykənmir. Belə mövqelər Azərbaycanda daha çox yumor ilə qarşılanır. Çünki hər kəs bu cür bəyanatların arxasında hansı siyasi maraqların dayandığını yaxşı anlayır”.








