Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas, tənqidçi və publisist Əsəd Cahangir deyib.
O, E.Seyidcahanın müdafiəsinə qalxıb:
“Onu qaralayanlar rus rəssamı Oleq Kulikin müxtəlif biennallarda elədiklərini görsələr, nə deyərdilər? Bu, müğənninin qəzetdən don geymək, yaxud heyvanlar qarşısında konsert vermək kimi ekstravaqant performansları sənətdəki təkrarçılığa, əxlaqi impertiv və estetik trafaretlərə qarşı etirazın ifadəsidir. Onun şeirlərinin bədii-estetik dəyərindən danışsam, mübaliğə edərəm. Amma rus şairəsi Vera Pavlova, yaxud gürcü şairi Şota Yataşvilinin postmodernist şeirlərinin bədii dəyəri çoxmu yüksəkdir? Onların özəlliyi klassik poetizm deyil, postmodern epatajdadır. Bu işi vaxtilə daha intellektual və bədii səviyyədə Həmid Herisçi, Murad Köhnəqala yerinə yetirmişdilər. Elza prosesin növbəti dayanacağıdır. Estafetin şairlərdən müğənniyə, kişilərdən qadına keçməsi göstərir ki, proses öz sonuna yaxınlaşlır, bostan uralanır”.
Elza Seyidcahanın özünü Füzuli ilə müqayisə etməsi fikrinə Ə.Cahangir belə münasibət bildirib:
“Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.
“Ədəbiyyat qəzeti”nə danışan Ə.Cahangir yazıçı Əkrəm Əylisli ilə bağlı sualı da cavablandırıb:
“İstər Əylisli özü, istərsə də onu dəstəkləyənlər “tərəfsiz ziyalı mövqeyi”, “yazıçı azadlığı” kimi bayağı ibarələrlə pişik başı bəzəyirlər. “Daş yuxular” kollaborasionist romandır, daş yox, daşnak yuxularıdır, siyasi tendensiyalı ermənipərəst əsərdir. Əylisli özünün saxta liberalizmiylə avantüraya meyilli neçə-neçə gəncin beynini konseragen kimi zəhərləyib. Artıq metastaz verməyə başlayan bu zəhərlənmədən təmizlənmə xeyli vaxt aparacaq. Baxın, qırx ildir ki, AYB sədrliyi davası eləyə-eləyə doxsanı haqlayıb, amma hələ də öz karyerist sevdasından usanmır, hər fürsətdə hücuma keçir. İndi də Elza konusunu bəhanə eləyib hücuma başlayıb”.








