"Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə daxil olur..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Artıq əsas hadisələr təmas xəttində baş vermir. Bu istiqamətdə əsasən mövqe döyüşləri davam edir.
İndi dron və raket müharibəsi gedir.
Əgər ABŞ, İsrail-İran qarşıdurmasında İran Hörmüz boğazını bağlamaqla vəziyyətdən çıxmağa çalışdısa, Ukrayna Rusiyanın hərbi və enerji infrastrukturuna, eləcə də logistika xətlərinə ağır zərbələr endirməklə vəziyyəti öz xeyrinə dəyişməyə, Rusiyada xaos yaratmağa nail olub.
İndi rus əhalisi təkcə Krımdan və digər işğal olunmuş ərazilərdən deyil, həm də ??Ukrayna ordusunun intensiv zərbələr endirdiyi bölgələrdən köçməyə və daha təhlükəsiz ərazilərə üz tutmağa çalışır.
Neftayırma zavodlarının məhv edilməsi nəticəsində Krasnodardan Vladivostokadək Rusiyanın əksər şəhərlərində yanacaq növbələri yaranıb.
Rusiyada açıq-aşkar anti-Putin şüarları səslənməyə başlayıb.
Siyasi müstəvidə də vəziyyət dəyişir. Avropa İttifaqı Ukraynaya dəstəyini artırır.
ABŞ administrasiyasının ritorikası dəyişir və şübhəsiz ki, Ukraynanın mövqeləri möhkəmləndikcə, Tramp administrasiyasının mövqeyi də yaranmış reallığa uyğun şəkildə dəyişəcək.
Lavrovun ABŞ-ın mövqeyi ilə bağlı tərəddüdlü açıqlamaları, eləcə də Vladimir Putinin tez-tez naməlum Ankoric razılaşmalarını xatırlatması Rusiyada bu gerçəyin getdikcə daha aydın dərk olunmasının əlamətləridir.
Rəsulzadənin təbirincə desək, dünya qəribə dəyişəcək.
Bu dəyişiklik ilk növbədə Avrasiya məkanına aid olacaq.
Son günlərdə Qazaxıstan prezidenti Tokayevin Brüsselə səfəri, yaxın günlərdə Ursula von der Leyenin Azərbaycana və Ermənistana gözlənilən səfərləri göstərir ki, regionumuz və xüsusilə Azərbaycan bu dəyişikliklərdən kənarda qalmayacaq.
Getdikcə daha aydın görünür ki, yeni dünya düzəninin formalaşmasında ən mühüm rola sahib olan Ukrayna xalqı müttəfiqlərinin köməyi ilə bu mühüm missiyanı uğurla yerinə yetirməyə nail olacaq..."








