"2025-ci ilin iyun ayında futbolçu, hörmətli Qurban Qurbanov, oğlu Musa Qurbanlı və "Qarabağ"ın digər futbolçularının Ağdam məscidində birlikdə camaat namazı qılarkən çəkilmiş fotoları və videoları sosial şəbəkələrdə geniş yayıldı və qaragüruh, vəhşi kütlə onları "vəhhabi" damğası ilə şərlədi, ləkələməyə çalışdı, söyüş, təhqir, böhtan, şantaj ərşə qalxdı..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış dinşünas Tural İrfan qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Hətta səhv etmirəmsə futbolçunun özü də, başqa məzhəbdən olanları "sionist", "vəhhabi" adı ilə şərləyən irançı qaragüruhun şərindən özünü müdafiə etməyə, açıqlama verməyə məcbur olmuşdu. Çünki İran propaqandası ölkədə elə təsir yaradıb ki, sanki kim əlibağlı namaz qılırsa vəhhabi, kim İranı tənqid edirsə sionistdir. Hətta ötən il oğluna dəbdəbəsiz toy etdiyinə görə də Qurbanovu hədəfə gətirəndə Etibar müəllim də onu müdafiə edənlərdəndi. O belə bir status da yazmışdı: "Sosial şəbəkələrdə Qurban Qurbanovun oğlunun toyundan bəhs edən saysız - hesabsız yazılar bezdirdi bizləri. Kişi oğluna özünəməxsus tərzdə, alqışlanası toy təşkil edib. Qardaşlar, bu qəhrəmanı rahat buraxın, sabah Joze Saramaqonun ölkəsinin futbol klubu ilə mübarizə aparacaq. Beyni sakit olmalıdır. Uğurlar, yenə də uğurlar. Bu gecəni yəqin ki rahat yatmarıq…
Əzizimiz Qurban Qurbanov! Nəvələrin də yolunu davam etdirsin. Çünki futbol elmdən daha çox mənfəət gətirir…" (Etibar müəllim bu statusu yazanda Qurban bəyə vəhhabi deyənlər hətta onun özünü də hədəfə almışdılar ki, "vəhhabini niyə müdafiə edirsən..."
Bu gün hörmətli Etibar Əliyev onun özünü deyil, fəaliyyətini bir neçə cümlə ilə səmimi tənqid edib. Bu təbii haldır və normal cəmiyyətlərdə normal qarşılanır. İnanıram ki, cənab Qurbanov bu və bu kimi səmimi tənqidləri futbol azarkeşlərinin məhz azarkeş mövqeyi kimi səmimi qəbul edir. Amma qəribə bəlkə də dəhşətlisi odur ki, keçən il Qurban Qurbanovu vəhhabi adlandırıb sosial şəbəkələrdə söyənlərin çoxu indi onun guya "müdafiəsinə" qalxıb, sosial şəbəkələri çaxnaşdırırlar. Hətta namaz qıldıqları yerdəki fotoları səhifəsində paylaşıb iftiralar yazan adamlar indi Etibar müəllimin üstünə düşüblər.
Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var. Çünki düşməni dosta çevirmək üçün bir neçə cümləlik yüngül tənqidi kifayət etdi məcranı dəyişməyə. Vəhhabi söhbəti-filan hamısı biryolluq silindi getdi...
Vəhşi kütlə istəyir ki, bir şeyə ya sən də onun tək "Haça qaya", "Qaloş piri" kimi sitayiş edəsən, hamı da sənə qoşulsun. Ya da xoşu gəlməyəni "sionist", "vəhhabi" deyə böhtanlasın. Yenə də sanki hamı bu vəhşətə züy tutmalıdır. Orta yol, ədalətli, obyektiv düşüncə yoxdur..."




















