Son vaxtlar marketlərdə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Alıcılar bəzi məhsulların qiymətinin əvvəlki dövrlə müqayisədə 2-3 dəfə yüksəldiyini bildirirlər.
Məsələn, Lindt şokoladının qiymətinin 17 manatdan 36 manata, kəsmiklərin 50-55 qəpikdən 2,50-2,80 manata yüksəldiyi bildirilir. “Azərçay”ın salafanda olan 1 kiloqramlıq qablaşdırmasının qiyməti 20 manatdan 27 manata, 500 qramlıq qablaşdırmasının qiyməti isə 10 manatdan 13,50 manata yüksəlib. Eyni zamanda, əvvəllər 18 manata satılan “President” kərə yağının hazırda 34 manata olduğu deyilir.
Mövzu ilə bağlı “Bakupost”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan bazarı kiçik olduğundan burada asanlıqla kartel sövdələşmələri baş verir:
“Kartel sövdələşmələri müxtəlif adamlar arasında qiymətin bazar üçün müəyyən edilməsidir. Bu, Azərbaycan bazarında şübhəsiz ki, mövcuddur. Ona görə qiymətlər hər yerdə eyni cür qalxır və bir dəfə qalxan qiymət bir daha enmir. Təəssüf ki, bu vaxta kimi uyğun dövlət qurumunun hansısa kartel sövdələşməsini açdığını görməmişik. Üstəlik, eyni adam guya monopoliya olmasın deyə müxtəlif şirkətlərin adı ilə mal gətirir və qiyməti özü təyin edir”.
Birlik sədri qeyd edib ki, dünya bazarında da ərzağın qiyməti daim qalxır:
“Çünki gübrə, əkinçilik, süd istehsalı məsələləri və s. var. Rentabelli kənd təsərrüfatı yaratmaq o qədər də asan bir şey deyil.
Azərbaycan bazarında qiymət artımını tənzimləyə bilən, demək olar ki, heç bir mexanizm yoxdur. Çünki qiymətlər sərbəstdir, kim nəyi neçəyə istəsə sata bilər. Yalnız kartel sövdələşmələrini ifşa etmək lazımdır. Düşünürəm ki, bununla vəziyyəti dəyişmək olar.
Çox yaxşı haldır ki, bəzi malların yerli istehsalçısı da var. Məsələn, duru yağ bazarında qiyməti sabit saxlayan amil var – yerli istehsal. Gərək çoxlu belə yerli istehsal olsun ki, qiymətlər sabit qala bilsin.
Böyük çay istehsalçıları xaricdən çay gətirib burada qablaşdırırlar. Əlbəttə, birja qiymətləri də təsir edir. Ona görə də qiymət durmadan artır. Biz şükür etməliyik ki, Hindistanda, Çində əksər insanlar vegetariandırlar. Əgər onlar yağ yeməyə başlasalar, yağın kiloqramı 200 manatdan aşağı düşməz”.









