ABŞ və Rusiya kimi dünyanın ən böyük hərbi güclərindən ikisinin rəhbərlərinin eyni vaxtda mürəkkəb müharibə dilemması ilə üz-üzə qalması beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Ukrayna müharibəsinin dörd il 6 aydır davam etməsi, ABŞ-İran qarşıdurmasının isə artıq yarımillik mərhələyə çatması Vaşinqton və Moskvanın hərbi-siyasi hesablamalarının gözlənildiyi qədər nəticə vermədiyini göstərən mənzərə yaradıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərinin də məhz bu mürəkkəb fonla əlaqələndirilməsi diqqət çəkir. Vaşinqtonun Kremlə mesajının nədən ibarət olduğu, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin gedişinə dair hansı qənaətə gəldiyi və tərəflər arasında mümkün razılaşmanın perspektivləri yeni suallar doğurur. Digər tərəfdən, Ukrayna və İranın hərbi baxımdan özlərindən qat-qat üstün qüvvələr qarşısında uzun müddət müqavimət göstərməsi müasir müharibələrin xarakterinin dəyişdiyini də ortaya qoyur. Dronlar, ucuz və çevik texnologiyalar, qeyri-standart döyüş üsulları böyük orduların klassik üstünlüyünü əvvəlki qədər həlledici amilə çevirmir. Nəticədə hərbi gücün miqyası ilə müharibənin nəticəsi arasında əvvəlki qədər birbaşa əlaqənin olmadığı görünür.
Bu mənzərədə Donald Tramp və Vladimir Putinin qarşılaşdığı əsas problem də oxşar görünür. Müharibəyə başlamaq nisbətən asan, lakin qarşıya qoyulan siyasi məqsədlərə çatmadan bu müharibədən çıxmaq olduqca çətindir. Üstəlik, uzunmüddətli hərbi qarşıdurma artıq yalnız cəbhədə deyil, iqtisadiyyat, diplomatiya, enerji bazarları və daxili siyasət müstəvisində də liderlərin üzərinə ciddi yük qoyur.
ABŞ-nin İranla müharibədə hərbi mərhələdən daha geniş iqtisadi təzyiq mərhələsinə keçməsi də Vaşinqtonun qarşısında duran çətinliyi göstərir. Eyni zamanda Rusiyanın Tehran məsələsində ABŞ-yə yardım etmək üçün ciddi motivasiyasının olmaması Moskvanın öz geosiyasi maraqlarını ön planda saxladığını göstərir. Ukrayna məsələsində isə Vaşinqtonun Kiyevi hansı şərtlərlə kompromisə razı sala biləcəyi hələ də açıq sual olaraq qalır.
Göründüyü kimi, dünyanın iki aparıcı gücünün başladığı və uzanan müharibələr artıq onların hərbi imkanlarından daha çox siyasi iradəsini, diplomatik manevr imkanlarını və iqtisadi dözümlülüyünü sınağa çəkir.
Putin Ukraynada, Tramp isə İranda qarşıya qoyduğu məqsədlərə nə dərəcədə yaxınlaşa bilib? Hansı lider daha ciddi strateji dalana dirənib? Ukrayna və İranın müqaviməti ABŞ və Rusiyanın hesablamalarını nə dərəcədə dəyişib? Vaşinqton və Moskva müharibəni qələbəsiz başa çatdırmaq riskini gözə alacaqmı? Bu iki müharibədən hansında ABŞ və Rusiya üçün çıxış yolu daha mürəkkəb görünür?
Siyasi şərhçi Elşən Mustafayev Musavat.com-a deyib ki, Rusiya-Ukrayna, ABŞ-İran müharibələrinə eyni rakursdan baxmaq doğru deyil:
“Belə ki, Rusiya 5 ilə yaxın müddətdir bütün hərbi vasitələrdən - qurudan, dənizdən, havadan istifadə etməklə on minlərlə canlı itki verərək müharibə aparır. Son iki ildə demək olar ki, hər hansı ciddi irəliləyiş əldə etməyib. Əvəzində Ukrayna dron və raket hücumları ilə müharibəni Rusiyanın dərinliklərinə qədər daşıyıb. Ölkədə ciddi panika, hərbidən yayınma mövcuddur. Ən əsası isə indiyədək demək olar ki, tərəflər arasında qısa müddətli də olsa hər hansı atəşkəs olmayıb. ABŞ isə İranla müharibəni fasilələrlə yalnız hava və dənizdən raket və bomba hücumları ilə aparıb, canlı itkisinin isə 20-yə yaxın olduğu bildirilir. Müharibənin İranın uranın zənginləşdirilməsi və nüvə silahı əldə edilməsinin qarşısını almaq səbəbilə başlandığını nəzərə alsaq, prezident Tramp səviyyəsində bu missiyanın bombalar nəticəsində artıq başa çatdığını deməsini də eşitmişik. Bəyan edildiyinə görə, hazırda Hörmüz boğazının tam açılması və nəzarətə götürülməsi, paralel olaraq öhdəliklər əsasında sülh müqaviləsinin imzalanması məsələsi gündəlikdə qalır. O səbəbdən iqtisadi blokada və digər təzyiq vasitələri davam edir. Yəni göründüyü kimi, ABŞ və Rusiyanın vəziyyətləri fərqlidir. O səbəbdən İranla bağlı Rusiya ilə hər hansı danışıqlar və razılaşmalarla bağlı müzakirələrin aparılmasına az inanıram. Çünki özünün iqtisadi və hərbi vəziyyətinin ağır olması səbəbilə Rusiya İrana əməliyyatlarda ciddi dönüş edə biləcək səviyyədə yardım edə bilmir. Həmçinin İranın tam məğlubiyyətinin regionda qüvvələr balansının Rusiyanın əleyhinə dəyişəcəyi səbəbindən ABŞ-nin də istəyinə çatmasını istəmir. O səbəbdən hesab edirəm ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Moskvaya səfəri əsasən Ukrayna ilə bağlı hansısa məsələlərdə müzakirələr aparmaq olub. Səfərin məqsədi və səbəbi gizli saxlandığından orada aparılan danışıqların hansı nəticəni verdiyini yaymadıqlarından qısa müddət ərzində müharibənin gedişatına ciddi təsir edəcək hər hansı razılaşmanın olmasına da inanmıram. Amma ABŞ rəsmisinin xüsusi xidmət orqanını təmsil etdiyini nəzərə alsaq, görüşdə danışıqların müharibə gedişində hər iki tərəfin maraqlarına ciddi ziyan vuran problemlərin, eyni zamanda maraqlarına uyğun ola biləcək məsələlərin həlli istiqamətində getdiyini deyə bilərik. Belə hiss olunur ki, Rusiya müharibənin müddətsiz şəkildə uzanmasından çox narahatdır və əvvəlki tələblərindən fərqli olaraq daha az qazancla təminatlar almaq şərtilə bu bataqlıqdan çıxmaq istəyir. O səbəbdən yaxın günlərdə istər İran, istər də Ukrayna ilə bağlı baş verəcək hadisələrdən ABŞ və Rusiya arasında son müzakirlərdə nələrin əldə olunmasını, yaxud olunmamasını deyə bilərik”.
Musavat.com









