
Rusiyadakı Azərbaycan səfirliyinə qarşı təxribat birmənalı şəkildə pislənməlidir, qəbuledilməzdir və iki ölkə arasında münasibətlərə neqativ təsir edən bir hadisədir. Azərbaycan Xarici İşlər Nazirliyi insidenti sərt şəkildə qınadı və Rusiya rəsmi qurumlarında bu hadisə ilə bağlı araşdırma aparılmasını istədi. Şübhəsiz ki, bu hadisələr təsadüfən baş vermir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov Rusiyadakı Azərbaycan səfirliyinin qarşısında baş verən təxribatı şərh edərkən deyib.
Onun sözlərinə görə, bunların hamısı Kremldən idarə olunan və münasibətlərin gərginləşməsi üçün atılan addımlardır:
“Nəzərə alaq ki, son bir neçə aydır Rusiya mediasında Azərbaycana qarşı əks-təbliğat kampaniyası davam etməkdədir. Moskvada hesab edirlər ki, Azərbaycan atdığı bütün addımları Rusiya ilə məsləhətləşməli, yaxud onlardan icazə almalıdır. Bu belə deyil. Azərbaycan müstəqil siyasət aparır və öz milli maraqlarını müdafiə edir. Rusiya isə Azərbaycanın xüsusilə son 6 ildə yaratdığı reallıqları və müstəqil siyasət aparmasını heç cür həzm edə bilmir. Ona görə də bu cür isterik bir durumla üz-üzəyik.
Atılan addımlar iki ölkə münasibətlərini zəiflədir, soyudur və Rusiya nəzərə almalıdır ki, bu cür addımlar və təxribatlar davam etdikcə, Azərbaycan Rusiyadan daha çox uzaqlaşacaq”.























