"Abşeron rayonu, Saray qəsəbəsinin Yeni Saray yaşayış massivinin sakinləri adından müraciət edirik.
Yaşadığımız ərazidə su təchizatı ilə bağlı ciddi və davamlı problemlər mövcuddur. Su tez-tez və uzun müddətə kəsilir. Bəzən bir neçə gün, hətta həftələrlə su verilmir. Hazırda isə artıq 3 gündür ki, əraziyə su verilmir.
Yay mövsümündə və havaların həddindən artıq isti keçdiyi bir vaxtda susuz qalmaq sakinlər üçün böyük çətinlik yaradır. İnsanlar məişət ehtiyaclarını qarşılaya, yemək hazırlaya, yuyuna və təmizlik işlərini görə bilmirlər. Ərazidə yaşlı və xəstə insanlar da yaşayır və bu vəziyyət onların sağlamlığı üçün ciddi problemlər yaradır.
Dəfələrlə 955 qaynar xəttinə, yerli su idarəsinə və digər aidiyyəti qurumlara müraciət etməyimizə baxmayaraq, problem hələ də həll olunmamışdır. Bizə müxtəlif vədlər verilsə də, vəziyyət dəyişmir.
Xahiş edirik, problemin təcili araşdırılması, məsul şəxslər tərəfindən tədbir görülməsi və ərazinin fasiləsiz su ilə təmin olunması üçün köməklik göstərəsiniz".








