Azərbaycanda 1,3,5 qəpiklərin istifadəsi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Belə ki, tanınmış telejurnalist İradə İsak sosial şəbəkə hesabında üzləşdiyi problemdən yazıb. O qeyd edib ki, 1 və 3 qəpiklərdən ibarət 75 manatı dəyişdirmək istəyib, lakin bankda məbləğin 5 faizinin tutulacağı deyilib. Aparıcı minimal dəyərli qəpiklərin dəyişdirilməsi zamanı vətəndaşların maddi itki ilə qarşılaşdığını vurğulayıb.
Bu nə dərəcədə əsaslıdır?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi qaydalarına görə, qanuni tədavüldə olan bütün sikkələr nominal dəyərində qəbul edilməlidir:
“Yəni 1 və 3 qəpiklik sikkələr bankda heç bir itki olmadan dəyişdirilməlidir. Rəsmi olaraq bu cür, yəni 5 faiz endirim qaydası mövcud deyil. Lakin praktikada vəziyyət fərqlidir. Bəzi banklar kiçik nominallı sikkələri saymaq, çeşidləmək və emal etmək üçün əməliyyat xərci çəkir. Bu xərcləri ödəmək üçün müəyyən hallarda qeyri-rəsmi olaraq müştəriyə komissiya tətbiq edilir”.
İqtisadçı bildirib ki, əslində belə hallarla rastlaşan şəxs qanuni qaydada, şikəyət əsasında haqqını tələb etməlidir:
“İradə İsakın yazdığı əgər realdırsa, bank ona rəsmi sənəd və ya qəbz verməlidir. Əgər bank rəsmi qaydada belə bir faiz tətbiq edirsə, bu, AMB-yə şikayət üçün əsasdır. Qurumun qaynar xəttinə yaxud saytına müraciət problemi həll etməyin ən düzgün yoludur. Ümumiyyətlə, bu tip hallar istehlakçı hüquqlarının kifayət qədər qorunmamasından, şikayət mədəniyyətinin zəifliyindən irəli gəlir. İnsan itkini görür, vaxtını itirmək istəmir və sadəcə razılaşır. Bank isə bundan istifadə edir”.









