Rusiya Federal Təhlükəsizlik Xidməti MDB ölkələrinə xəbərdarlıq edib.
Qeyd edək ki, FTX-nin rəhbəri Aleksandr Bortnikov jurnalistlərə açıqlamasında bildirib ki, Qərb kəşfiyyat orqanları İrana qarşı hərbi əməliyyatlarda MDB ölkələri də daxil olmaqla, Suriyadan olan yaraqlılardan istifadə etmək niyyətindədir.
O qeyd edib ki, belə bir hal MDB ölkələrinə qarşı terror təhlükəsinin artmasına səbəb olacaq:
"Qərbin müdaxiləsi ilə yaranan böhranlar çox vaxt konkret dövlətlərin sərhədlərindən kənara çıxır. ABŞ, İsrail və İran arasında silahlı münaqişə bu gün belə bir ssenarinin yaranma riskini yaradır".
Onun sözlərinə görə, Qərb kəşfiyyat orqanları Suriyadan olan terrorçu döyüşçüləri İranla müharibədə vasitəçi qüvvə kimi istifadə etmək cəhdlərini davam etdirirlər.Bortnikov əlavə edib ki, bu yaraqlılar yalnız Yaxın Şərqdə deyil, həm də mənşə ölkələrində istifadə edilə bilər.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya kəşfiyyatının bu kimi iddianı ortaya atması müəyyən məqsədə xidmət edir.
“ABŞ Suriyadakı qeyri-qanuni silahlı birləşmələrdən, yəni terrorçu qruplaşmalardan İrana qarşı istifadə edə bilər. Amma həmin qruplaşmaların İranla savaşda uğur qazanacağı real təsir bağışlarmır, yəni inandıcırı görünmür. Vaşinqtonda bunu çox yaxşı başa düşürlər.
ABŞ-a İranda sürətlə qələbə qazanmaq, yaxud üstünlük əldə etmək lazımdır. Bu baxımdan İrana qarşı terrorçu qruplaşmalardan istifadə nəzəri cəhətdən mümkün görünsə də, Vaşinqtonunun bu taktikadan istifadə edəcəyi qeyri-müəyyən xarakter daşıyır.
Böyük ehtimalla, Rusiya kəşfiyyatının rəhbəri həmişə olduğu kimi Kremlin qəribə iddialarından birini ortalığa atıb. Təbii ki, Moskvanın bu iddiasında əsas məqsəd İranla bağla məsələdə ABŞ-nin beynəlxalq hüquqa zidd olan addımlarını qabartmaq deyil, məhz MDB dövlətlərini qorxutmaqdır.
Bortnikov MDB dövlətlərinə mesaj verir ki, ABŞ Suriyadakı terrorçu qruplaşmalardan MDB məkanında istifadə etmək niyyətindədir. Bu qruplaşmalarda MDB məkanından olan terrorçular da var və həmin terrorçular aid olduğu ölkələrə də təhlükə yarada bilər.
Bu ölkərin siyahısında Mərkəzi Asiya ölkələrini göstərmək olar. Ancaq yenə də burada əsas hədəf MDB ölkələrində ABŞ-a qarşı narazılıq, yaxud etiraz dalğası yaratmaqdır, eyni zamanda MDB ölkələrinin siyasi elitalarının ABŞ-la məsafə saxlamasına nail olmaqdır. Moskva özünü MDM məkanın himayədarı və bu məkanı müdafiə edən bir ölkə kimi təqdim etməyə çalışır”.









