Prezident İlham Əliyevin sədrliyi ilə dünən keçirilən müşavirədə kənd təsərrüfatının mövcud vəziyyəti, ərzaq təhlükəsizliyi və yerli istehsalın artırılması ilə bağlı çıxışı ölkənin aqrar sektoru ətrafındakı müzakirələri yenidən gündəmə gətirib.
Prezident öz çıxışında xüsusilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin hazırda 55 faiz təşkil etdiyini, ölkədə 1 milyon 573 min ton buğda istehsal olunduğunu, eyni zamanda 1 milyon 267 min ton məhsulun idxal edildiyini diqqətə çatdırıb.
“Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. İdxalı azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır...", - deyə, ölkə başçısı çıxışında mövcud durumu rəqəmlərlə ictimaiyyətə çatdırıb.
Prezident hökumətin aqrar sahədə inkişafı sürətləndirmək üçün yeni dövlət proqramı üzərində işlədiyi bəyan edilib.
"Əsas hədəf buğda istehsalında məhsuldarlığı və keyfiyyəti artırmaq olmalıdır"
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli "AzPolitika”ya açıqlamasında bununla bağlı biildirib ki, illərdir davam edən idxaldan asılılığını azaltmaq mümkündür: "Əgər ölkədə bu həcmdə buğda istehsal olunursa, əsas diqqət məhsulun keyfiyyətinə yönəldilməlidir. Çünki hazırda istehsal olunan buğdanın böyük hissəsi ərzaqlıq kimi deyil, yem məqsədilə istifadə olunur. Təhlillərimizə görə, istehsal edilən buğdanın təxminən yalnız 150 min tonu tam ərzaqlıq keyfiyyətə malikdir".
O əlavə edib ki, Azərbaycanın əkin sahələrinin məhdud olması əsas çətinlik kimi təqdim edilsə də, əsl problem məhsuldarlığın aşağı olmasıdır.
Ekspertin sözlərinə görə, Azərbaycanda bir hektardan orta hesabla 30 sentner məhsul götürülür: "Halbuki oxşar torpaq-iqlim şəraitinə malik olan Özbəkistanda bu göstərici 50 sentnerdən yüksəkdir. Əgər aqrotexniki tədbirlər gücləndirilsə və məhsuldarlıq artırılsa, Azərbaycan özünü ərzaqlıq buğda ilə tam təmin edə bilər".
Meyvə-tərəvəz məhsulları ilə bağlı vəziyyətə də toxunan ekspert bildirib ki, Azərbaycan tərəvəz və bostan məhsulları üzrə özünü beynəlxalq normadan artıq səviyyədə təmin edir. Meyvə istehsalında da vəziyyət qənaətbəxşdir. Ölkədə illik meyvə istehsalı 1 milyon 400 min tona yaxındır və bunun təxminən 600 min tonu ixrac olunur. Bu səbəbdən həmin sahədə ciddi problem müşahidə edilmir.
"Ət və balıq istehlakında qlobal standartlar diqqətə alınmalıdır"
Ət istehlakı ilə bağlı mövcud yanaşmanı şərh edən Vahid Məhərrəmli qeyd edib ki, beynəlxalq təcrübədə mal əti, qoyun əti və quş əti ayrıca qabardılmır, əsas göstərici adam başına ümumi ət istehlakıdır.
O, istehlak vərdişlərinin ölkələrə görə fərqləndiyini bildirib: "Məsələn, Rusiyada adam başına quş əti istehlakı 24 kiloqramdan çox olduğu halda, Azərbaycanda bu göstərici təxminən 14 kiloqramdır. Beynəlxalq norma üzrə adam başına illik ümumi ət istehlakı təxminən 76 kiloqram hesab olunur. Azərbaycanda isə istehsal və istehlak bu normadan aşağıdır".
Balıq məhsulları ilə bağlı vəziyyətə toxunan ekspert bildirib ki, rəsmi rəqəmlərdə özünütəminetmə səviyyəsi 81 faiz göstərilsə də, faktiki istehlak beynəlxalq standartlardan geri qalır. Onun sözlərinə görə, qlobal norma adam başına 18 kiloqram olduğu halda, Azərbaycanda bu göstərici cəmi 6-7 kiloqram təşkil edir.
Ekspert hesab edir ki, ərzaq təhlükəsizliyi ilə bağlı real vəziyyəti qiymətləndirmək üçün ayrıca konsepsiya və ya dövlət sənədi qəbul edilməlidir. Həmin sənəddə məhsullar üzrə istehlak normaları müəyyənləşdirilməli və hesablamalar bu meyarlar əsasında aparılmalıdır.
V.Məhərrəmlinin fikrincə, ilk növbədə ölkədə adam başına illik ərzaq istehlakı norması müəyyən edilməlidir. Daha sonra həmin normanın neçə faizinin daxili istehsal, neçə faizinin idxal hesabına qarşılandığı hesablanmalıdır.
O xatırladıb ki, bəzi illərdə həm istehsal, həm də idxal artsa da, özünütəminetmə göstəricisi aşağı düşüb. Buna misal olaraq ətlə bağlı vəziyyəti göstərən ekspert, bir müddət əvvəl ət üzrə özünütəminetmə səviyyəsinin 90 faizdən 80 faizə düşdüyünü, bunun isə mövcud hesablama metodunun qeyri-dəqiqliyindən irəli gəldiyini bildirib.
"Dövlət proqramlarının icra mexanizmi təkmilləşdirilməlidir"
Ekspert kənd təsərrüfatı sahəsində son illər müşahidə olunan durğunluğa da diqqət çəkib. O bildirib ki, hökumət yeni dövlət proqramı hazırlayır və bundan müsbət nəticə gözləyir. Lakin əvvəlki bəzi proqramların icrasında nəzərdə tutulan hədəflərə tam nail olunmayıb.
Ekspert pambıqçılıq, baramaçılıq, çəltikçilik və şərabçılıq üzrə qəbul edilən dövlət proqramlarının nəticələrini xatırladıb:
Pambıqçılıq proqramı: 2017–2022-ci illəri əhatə edən proqramda 500 min ton pambıq istehsalı nəzərdə tutulsa da, bu göstəriciyə nail olunmayıb.
Baramaçılıq proqramı: 2018–2025-ci illər proqramında 6 min ton istehsal planlaşdırıldığı halda, ötən il cəmi 186 ton məhsul əldə olunub.
Çəltikçilik proqramı: Proqramda nəzərdə tutulan 10 min hektar əkin sahəsinin əvəzinə cəmi 5 min hektarda əkin aparılıb, məhsuldarlıq da gözləniləndən aşağı olub.
Şərabçılıq sahəsi: İxracın 5 dəfə artırılması planlaşdırılsa da, nəticələr gözləntiləri tam doğrultmayıb, bəzi kateqoriyalarda idxal artıb.
Ekspert hesab edir ki, dövlət proqramlarının hədəflərinə çatmaması sahənin idarə edilməsində və planlaşdırma olan problemlərlə bağlıdır.
Onun fikrincə, proqramlarda nəzərdə tutulan tədbirlər bəzən yerli reallıqları və sahənin spesifik xüsusiyyətlərini tam nəzərə almır: "Kənd təsərrüfatında ciddi və dayanıqlı nəticə əldə etmək üçün proqramların hazırlanması və icrası prosesinə sahəni dərindən bilən peşəkar mütəxəssislər, praktiklər və alimlər daha geniş cəlb edilməlidir. Yalnız bu halda strateji sənədlər real inkişafa təkan verə bilər".









