İranda iqtisadi vəziyyət son onilliklərin ən kritik səviyyələrindən birinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” yazıb.
Bildirilir ki, ölkənin milli valyutası ABŞ dolları qarşısında kəskin şəkildə dəyərdən düşüb. Açıq bazarda 1 ABŞ dollarının məzənnəsi artıq 2 milyon rialı keçib.
Ölkədə rəsmi inflyasiyanın 80 faizdən yuxarı olduğu bildirilir. Əsas istehlak malları və ərzaq məhsullarının qiymətləri isə son dövrdə 120-180 faiz arasında artıb.
İqtisadi böhranın digər göstəriciləri arasında yanacaqdoldurma məntəqələrində yaranan uzun avtomobil növbələri və idxal-ixrac proseslərində ciddi problemlərin meydana çıxması da yer alır.
Qeyd olunur ki, İran iqtisadiyyatına ciddi zərbə vuran amillərdən biri də ABŞ-nin dəniz ticarətinə tətbiq etdiyi məhdudiyyətlərdir. Bildirilir ki, bu tədbirlər nəticəsində İranın xam neft ixracı mart ayında gündəlik təxminən 2 milyon bareldən avqust ayında 220-255 min barelə qədər geriləyib.
Tehran uzun illər ərzində xarici valyuta gəlirlərini təmin etmək üçün “kölgə donanması” və müxtəlif vasitəçilərdən istifadə edib. İran neftinin əsas alıcılarından biri isə Çin olub.
Lakin ABŞ-nin İranın bank sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyaların alternativ ticarət şəbəkələrinə, barter mexanizmlərinə və açıq dənizlərdə tankerlər arasında neft yüklərinin ötürülməsi kimi üsullara ciddi zərbə vurduğu bildirilir.
ABŞ Maliyyə naziri Skott Besant isə Vaşinqtonun mövqeyinin sərtləşəcəyinə işarə edib. O bildirib ki, ABŞ Tehrana valyuta axınını təmin edən bütün tərəflərə qarşı ən sərt sanksiyaları tətbiq edəcək.
Bununla belə, analitiklər iqtisadi çətinliklərin İran hakimiyyətinin dərhal süqutuna səbəb olacağını düşünmürlər.
Ekspertlərin sözlərinə görə, son iki həftə ərzində inflyasiya müəyyən qədər sabitləşib.
Bildirilib ki, Tehran mümkün yeni etiraz dalğasına da hazırlaşır. Hakimiyyətin kütləvi nümayişlərin yenidən başlaması halında daha sərt tədbirlər görəcəyi gözlənilir.









