Ali Məhkəmədə yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Kamran Bəylərovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
Qeyd: “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində çalışmış Kamran Bəylərov barəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş materiallarına görə, Kamran Bəylərov 2019-cu ildən “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində işləyib. Vəzifəsinə əsasən, onun üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və qaz xətlərinin təhlükəsiz istismarının təmin olunması ilə bağlı vəzifələr qoyulub.
İttihama görə, Kamran Bəylərov “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN 01-2001) 1.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndlərinin, habelə “Təmiz Qaz” QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini pozub.
Belə ki, 2021-ci ildə Gəncədə şəhərinin Nəvai küçəsindəki fərdi yaşayış evlərindən birində qaz sızması olması barədə məlumat daxil olduqdan sonra həmin ünvana gedən Kamran Bəylərovun evdən 1,7 metr məsafədən yeraltı keçən qaz xəttinə texniki baxışı lazımi səviyyədə həyata keçirmədiyi qeyd olunub. Söhbət “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsinin balansında və istismarında olan, diametri 63 millimetr təşkil edən yeraltı polietilen qaz xəttindən gedib.
Xətt baxışı zamanı boruda mövcud olan qaz sızması aşkar edilməyib. Bundan başqa, qaz xəttindən hər iki istiqamətdə 15 metr məsafədə yerləşən digər kommunikasiyaların – kanalizasiya, istilik trassası, su kəməri, telefon və digər xətlərin quyularında, eləcə də binaların zirzəmilərində qazın olub-olmaması yoxlanılmayıb.
İttiham tərəfinin mövqeyinə görə, qəza halının aradan qaldırılması üçün də lazımi və düzgün məlumat verilməyib.
İş materiallarında qeyd olunub ki, qaz xəttində yaranmış sızma nəticəsində təbii qaz borudan sızaraq kanalizasiya xətti vasitəsilə zərərçəkmiş Sahibə Verdiyeva məxsus fərdi yaşayış evinə dolub. Nəticədə evin daxilində partlayış təhlükəli qaz-hava qarışığı yaranıb. Saat 01 radələrində zərərçəkmiş mətbəxdə quraşdırılmış dörd gözlü qaz plitəsini alışqanla yandırmaq istəyərkən yaranan qığılcım qaz-hava qarışığının alışmasına səbəb olub.
Partlayış nəticəsində Sahibə Verdiyevanın bədəninin demək olar ki, bütün səthini əhatə edən ağır termiki xəsarətlər alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra qadın müalicə aldığı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində ağır yanıq şokundan vəfat edib.
Partlayış zamanı həmin evdə yaşayan zərərçəkmiş şəxsin oğlu da ağır xəsarətlər alıb. Onun sifətinin, başının tüklü hissəsinin, boynunun, hər iki əlinin və hər iki aşağı ətrafının müxtəlif dərəcəli termiki yanıqları müəyyən edilib.
Partlayış nəticəsində təkcə insanların sağlamlığına zərər dəyməyib, həm də fərdi yaşayış evi və oradakı əşyalar ciddi şəkildə zərər görüb. Əmlak və tikinti üzrə ümumilikdə 170 085 manat məbləğində maddi ziyan dəyib.
Hadisədən sonra Kamran Bəylərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Şəhər Məhkəməsi onu Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Kamran Bəylərova qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan 2 il müddətinə məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Əsas cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, əlavə cəza kimi təyin edilmiş qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə cəzasının müddətinin azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməsini və həmin müddətin əsas cəzanın çəkilib başa çatdığı gündən hesablanmasını qərara alıb.
Hökmdən Kamran Bəylərov və onun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini təmin edib, birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Apellyasiya məhkəməsi Kamran Bəylərovu ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə bəraət qazandırıb və Azərbaycan Respublikasının adından təqsirsiz elan edib.
Apellyasiya məhkəməsinin hökmündə cinayəti törətmiş şəxsin müəyyən edilmədiyi də qeyd olunub.
Məhkəmə, həmçinin iş üzrə maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxs2-yə məxsus fərdi yaşayış evindən 1,7 metr məsafədən yeraltı keçən diametri 63 millimetr olan polietilen qaz borusunun kəsilərək götürülmüş 83 santimetr uzunluğundakı hissəsinin iş materiallarına əlavə edilməsini qərara alıb.
Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı kassasiya protesti verib. Prokuror kassasiya protestində apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edib.









