Puya Hüseyni bildirib ki, İranın qonşularının hamısı müsəlman dünyasına aid olsa da, “yeganə etibarlı qonşu xristian ölkəsi Ermənistandır" və daha nələr...
Rəsmi Bakı ilə Tehran arasında münasibətlərin rəısmilər tərəfindən tənzimləınməsinə baxmayaraq, iranlı politoloq Puya Hüseyni Ermənistanı ölkəsinin 15 qonşusu arasında “ən etibarlısı” və “təbii müttəfiq” adlandırıb.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, politoloq Tehran-İrəvan münasibətlərinin yalnız qonşuluq və iqtisadi əməkdaşlıq çərçivəsində deyil, təhlükəsizlik və geosiyasi maraqlar baxımından mühüm olduğunu deyib.
Hüseyni bildirib ki, İranın Ermənistanla münasibətlərinin “alternativi yoxdur”. Onun fikrincə, iki xalq minilliklər ərzində bir-birinin yanında yaşayıb, xarici təhdidlərlə üzləşib və müxtəlif dövrlərdə bir-birinə dəstək verib.“İranın 15 qonşusu var və bizim üçün ən etibarlı qonşu həmişə Ermənistan olub. Biz minilliklər boyu dost olmuşuq. İran üçün Ermənistanla münasibətlər eyni zamanda qonşu, müttəfiq və tərəfdaşla münasibətlərdir və bunun alternativi yoxdur”, – deyə politoloq vurğulayıb.
Politoloqun fikrincə, İranın digər qonşularının əksəriyyəti müəyyən dövrlərdə Tehrana qarşı hərbi bazaların yerləşdirilməsinə şərait yaradıb və ya İrana qarşı addımlar atıb. Ermənistanın isə onilliklər ərzində İran üçün etibarlı qonşu olaraq qaldığını iddia edib. İranlı politoloq burada Ermənistanın xristian ölkəsi olmasına da xüsusi diqqət çəkib. O bildirib ki, İranın qonşularının hamısı müsəlman dünyasına aid olsa da, “yeganə etibarlı qonşunun xristian ölkəsi olması” Tehranın xristianlara və ermənilərə münasibəti baxımından mühüm göstəricidir.
Hüseyni hesab edir ki, İran və Ermənistan arasındakı münasibətlər digər dövlətlərlə qurulan əlaqələrdən fərqlənir. Onun sözlərinə görə, dövlətlərin böyük hissəsi İranla öz qısamüddətli və ya uzunmüddətli maraqları naminə əməkdaşlıq edir. Ermənistanla münasibətlər isə belə seçimə əsaslanmır.“Digər ölkələr bizimlə öz maraqları üçün əməkdaşlıq edir. İran və Ermənistan isə təbii müttəfiqlərdir. Bu münasibətlər təbii qonşuluğa və təbii müttəfiqliyə əsaslanır”, – deyə o bildirib.
Politoloq təhlükəsizlik məsələsinə də xüsusi önəm verib. Onun sözlərinə görə, tarixən İranın təhlükəsizliyi Ermənistanın təhlükəsizliyi ilə, Ermənistanın təhlükəsizliyi isə İranın təhlükəsizliyi ilə bağlı olub. Hüseyni bununla yanaşı, iki ölkənin müstəqillikdən sonra keçən 30 ildən artıq müddətdə münasibətlərin bütün potensialından istifadə edə bilmədiyini düşünür. O, İran-Ermənistan arasında illik ticarət dövriyyəsinin təxminən 700 milyon dollar təşkil etdiyini və bu göstəricinin iki ölkənin iqtisadi imkanları ilə müqayisədə çox aşağı olduğunu bildirib.
Onun açıqlamasında ən diqqətçəkən məqamlardan biri regiondakı nəqliyyat və enerji marşrutları ilə bağlı fikirləridir. İranlı politoloq hesab edir ki, hazırda dünyada “dəhlizlər savaşı” gedir. Onun sözlərinə görə, bu mübarizə Yaxın Şərqdən Cənubi Qafqaza, oradan isə Mərkəzi Asiyaya qədər uzanır. Dövlətlər əsas nəqliyyat və enerji marşrutlarının öz ərazilərindən keçməsinə çalışır, eyni zamanda rəqib hesab etdikləri ölkələrin ərazilərindən yan keçən alternativ marşrutlar yaratmağa cəhd göstərirlər.
Hüseyni hesab edir ki, belə bir şəraitdə İran və Ermənistanın geosiyasi əhəmiyyəti daha da artır. O, Şimal-Cənub layihəsini və Fars körfəzi ilə Qara dənizin birləşdirilməsi ideyasını xüsusi qeyd edib. Eyni zamanda İranla Ermənistan arasında hələ də tammiqyaslı dəmir yolu əlaqəsinin olmamasını ciddi problem adlandırıb. “Biz iki min ildir yan-yana yaşayırıq, amma dəmir yolu əlaqəmiz yoxdur. Bu, ölkələrimiz arasındakı əlaqələrə və onların geosiyasi imkanlarına çox mənfi təsir göstərib”, – deyə bildirib.
"İran-Ermənistan dəmir yolunun yaradılması yalnız iqtisadi hesablamalarla ölçülməməlidir. Bu xətt iki ölkənin strateji və geosiyasi mövqeyini gücləndirə bilər.Hüseyni həmçinin xəbərdarlıq edib ki, qonşu və rəqib dövlətlər İran və Ermənistanın regional rolunun artmasını istəmir. Onun sözlərinə görə, həmin dövlətlər hər iki ölkədən yan keçən marşrutlar yaratmağa çalışır, marşrutlar İran və Ermənistan ərazisindən keçdikdə isə onların geosiyasi rolunu minimuma endirmək istəyirlər. Rəqib və qonşu ölkələrimiz həm İrandan, həm də Ermənistandan yan keçmək üçün hər şeyi edirlər. Marşrutlar bizim ərazilərimizdən keçirsə, çalışırlar ki, ölkələrimizin rolu minimum olsun və biz yalnız tranzit əraziyə çevrilək”, – deyə o bildirib.
Politoloq hesab edir ki, Tehran və İrəvan buna qarşı öz strategiyalarını hazırlamalıdır, hər iki ölkə yalnız tranzit ərazi rolunda qalmaqla kifayətlənməməli, nəqliyyat və enerji layihələrindən daha böyük geosiyasi təsir əldə etməlidir.
“Biz bunu balanslaşdırmalıyıq. İki ölkənin əməkdaşlığı sayəsində bu böyük geosiyasi oyunda birlikdə rol oynaya bilərik”, – deyə Hüseyni vurğulayıb. Bununla belə, o, İranın güclənməsinin Ermənistanın zəifləməsi hesabına, Ermənistanın güclənməsinin isə İranın rolunun azalması hesabına baş verməməli olduğunu bildirib. Hüseyninin fikrincə, iki ölkə bir-birini tamamlamalıdır. “İranın fəaliyyəti Ermənistanın geosiyasi rolunun azalmasına, Ermənistanın fəaliyyəti isə İranın geosiyasi rolunun azalmasına gətirib çıxarmamalıdır. Biz bir-birimizi tamamlamalıyıq”, – deyə politoloq bildirib.
Hüseyni sonda İran və Ermənistanın uzunmüddətli təhlükəsizlik və maraqlarını qorumaq üçün ortaq strategiya hazırlamalı olduğunu deyib.
Musavat.com









