“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu yalnız 102-ci baza ilə məhdudlaşmır və sərhəd qoşunları da bu sistemin tərkib hissəsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş deputatı Tiqran Abramyan Baş nazir Nikol Paşinyanın ölkədə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Abramyan “Facebook” səhifəsində yazıb ki, Paşinyan bir gün əvvəl bazanın Ermənistandan çıxarılmasına etiraz etmədiyini və onun ölkə üçün həyati əhəmiyyət daşımadığını açıqlayıb:
“Hərbi bazanın ölkədən çıxarılmasının ardınca Rusiya sərhəd qoşunlarının da Ermənistandan getməsi məsələsi gündəmə gələ bilər. Moskva bu məsələdə rəsmi İrəvanın təşəbbüsünü gözləməyə də bilər.
Geosiyasi amili bir kənara qoysaq, sadə bir sual yaranır: Rusiya Ermənistandan getdikdən sonra Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinin böyük hissəsini kim qoruyacaq? Hərbi təlimlərə cəlb olunanlar, “Vətənin müdafiəçisi” qrupları, yoxsa qısaldılmış müddətli hərbi xidmət keçənlər?”









