Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il sentyabrın 1-də Bişkekdə (Qırğızıstan) keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci yubiley sammitində iştirak edib. Ümumi qəbul olunmuş fikrə görə, Bakı Avrasiya məkanında siyasi, nəqliyyat və iqtisadi əlaqələri genişləndirmək üçün “ŞƏT+” formatından istifadə edir.
Yəni rəsmi olaraq Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Bu status 10 ildən artıq əvvəl imzalanmış memorandumla təsbit olunub. “ŞƏT+” formatında isə Bakı mütəmadi olaraq dövlət başçılarının genişləndirilmiş iclaslarında, o cümlədən ötən il Tyançzin sammitində iştirak edir.
Tez-tez qeyd olunur ki, Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq qarşılıqlı fayda prinsipləri əsasında qurulur. Burada Bakının geostrateji mövqeyi, tranzit dəhlizlərinin inkişafı və xarici iqtisadi əlaqələrin şaxələndirilməsi əsas amillər kimi çıxış edir.
Lakin başqa suallar da yaranır. Azərbaycan ŞƏT üçün konkret olaraq nə dərəcədə faydalıdır? Bəs ŞƏT Azərbaycan üçün nə dərəcədə faydalıdır? ŞƏT-lə daha dərin əməkdaşlığın Azərbaycan üçün mənfi tərəfləri və riskləri mümkündürmü? Bu risklər geosiyasət, xarici əlaqələrdə balans və regional ziddiyyətlərlə bağlı ola bilərmi?
Məsələn, təşkilatın üzvü olan Hindistan Bakı ilə İslamabad arasındakı sıx müttəfiqlik münasibətlərinə görə daha əvvəl Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsinə mane olub. Bu mənada tam miqyaslı inteqrasiya Dehli ilə münasibətləri daha da mürəkkəbləşdirə və ikitərəfli fikir ayrılıqlarını çoxtərəfli platformaya daşıya bilər.
Bundan başqa, ŞƏT daxilində Çin, Rusiya və İranın geosiyasi maraqları kəsişir. Bu isə Azərbaycanın başqa tərəflərin qarşıdurmalarına cəlb olunması riskini yaratmırmı?
Azərbaycan ənənəvi olaraq qoşulmama prinsipinə sadiqdir və çoxvektorlu diplomatiya yürüdür. Buraya Türkiyə və Avropa ilə sıx əlaqələr də daxildir. Qərbdə anti-Qərb və ya ABŞ və Aİ institutlarına alternativ kimi qəbul edilən bloklara üzvlük isə Qərb tərəfdaşları ilə dialoqda gərginlik yarada bilər.
Bəs ŞƏT-in iqtisadi layihələrində Çinin dominant mövqeyi xammal asılılığının güclənməsinə və ya yerli istehsalçıların daha güclü Asiya oyunçuları tərəfindən sıxışdırılmasına səbəb ola bilərmi?
Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyov bunula bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
O, ilk növbədə ŞƏT-in mahiyyətinə nəzər salmağı təklif edib. “Təşkilat konkret vəzifənin, daha doğrusu, Çinlə Sovet İttifaqı arasında mövcud olmuş, SSRİ-nin dağılmasından sonra isə Rusiya, Qırğızıstan, Tacikistan və Qazaxıstanla bağlı ərazi mübahisələrinin həlli məqsədilə yaradılmışdı. Bu məsələlər az-çox kompromislər əsasında tənzimləndi.
Rusiya və Çinin daxil olduğu ŞƏT yaradıldı və bu, həm Çin, həm Rusiya, həm də ilk növbədə Mərkəzi Asiya dövlətlərinin maraqları arasında müəyyən balans yaratdı. ŞƏT uzun müddət bu formada fəaliyyət göstərdi. Daha sonra Çinin Mərkəzi Asiyaya iqtisadi nüfuzunun artması fonunda Çin və Rusiyada belə bir istək yarandı ki, Mərkəzi Asiya böyük ölçüdə məhz bu iki dövlətin iqtisadi, siyasi və hərbi təsir dairəsi olaraq qalsın və Qərb dövlətlərinin kapitalı və siyasi təsiri ilə Mərkəzi Asiyaya genişmiqyaslı nüfuz etməsinin qarşısı ən azı çətinləşdirilsin. Bu siyasət, ümumiyyətlə, həyata keçirilirdi.
Sonradan Pakistan, Hindistan, İran və Belarus təşkilata qoşuldu. Lakin deyə bilmərəm ki, ŞƏT-in genişlənməsi onun təsirini artırıb və ya təşkilata dünyada gedən proseslərə təsir göstərməyə imkan verən hər hansı əlavə enerji verib. ŞƏT hətta təşkilata üzv ölkələrin özlərinin cəlb olunduğu proseslərə belə təsir göstərə bilmir. Məsələn, cəmi bir il əvvəl Hindistan və Pakistan arasında bir həftə davam edən ciddi toqquşmalar oldu və tərəflər genişmiqyaslı müharibənin astanasında idilər. ŞƏT hansısa formada özünü göstərdimi? İran və Rusiya müharibə aparır – bəs təşkilatdan hər hansı dəstək və ya bu münaqişələrə cəlb olunmuş ölkələrə kollektiv müraciət gəldimi? Heç bir formada dəstək və ya münasibət yoxdur.
Bir il əvvəl Qırğızıstanla Tacikistan arasında onlarla, hətta yüzlərlə insanın həlak olduğu hərbi toqquşmalar baş verəndə ŞƏT özünü hansısa formada göstərdimi? Xeyr. Əslində, bu məsələyə Özbəkistan və Qazaxıstan müdaxilə etdi: orada müəyyən ərazi mübadilələri aparıldı, vəziyyət nəzarətə götürüldü, ŞƏT isə ümumiyyətlə görünmədi”, – ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycan məsələsinə gəlincə, ölkə iqtisadiyyatının böyük hissəsinin ŞƏT-lə heç bir əlaqəsi yoxdur. “Rusiya ilə ticarət-iqtisadi dövriyyəmiz təxminən 7 faiz təşkil edir, Çinlə də təxminən 7 faiz və ya bundan da azdır. Bütün Mərkəzi Asiya dövlətlərini, demək olar ki, heç bir ticarət əlaqəmizin olmadığı Hindistanı və ŞƏT-in digər ölkələrini birlikdə götürsək, onların Azərbaycanın ticarət-iqtisadi balansındakı ümumi payı heç 25 faizə çatmır, daha doğrusu, təxminən 20 faiz təşkil edir.
Halbuki Avropa İttifaqı, Türkiyə, Böyük Britaniya, ABŞ, Yaponiya və Cənubi Koreyanın Azərbaycanın ümumi ticarət-iqtisadi dövriyyəsindəki payı 70 faizdən çoxdur. Ona görə də demək olmaz ki, Azərbaycan iqtisadi baxımdan hansısa şəkildə ŞƏT-ə inteqrasiya edib və ya onunla sıx bağlıdır. Təşkilatla ən sıx bağlı olan ölkələr Mərkəzi Asiya dövlətləri, Rusiya və Çinin özüdür. Hətta Çin üçün ŞƏT-in iqtisadi əhəmiyyəti, yəqin ki, 20 faizdən çox deyil. Çünki onun ticarət-iqtisadi əlaqələrinin böyük hissəsi ABŞ və Avropa İttifaqının payına düşür. Çinin əsas tərəfdaşları məhz bunlardır, Rusiya və xüsusilə də Hindistan deyil. Təcrid olunmuş İran üçün, eləcə də Rusiya üçün ŞƏT ölkələri əhəmiyyət daşıyır. Lakin onlar ŞƏT-dən lazımi dəstəyi alırlarmı? Təşkilatın sənədlərində mən bunu görmədim.
Çin və Rusiya regionda müəyyən mənada Mərkəzi Asiya dövlətləri üçün balans yaradır. Yəni, bu dövlətlərdən heç biri regiona münasibətdə özbaşına hərəkət etməsin. Azərbaycan üçün isə bu iştirakçılar arasında balans yaradılmasının xüsusi aktuallığı yoxdur. Regionda geosiyasi balansın əsas tərəfdaşı bizim müttəfiqlik münasibətlərində olduğumuz Türkiyədir. Bununla belə, Azərbaycanın ŞƏT-in bir sıra ölkələri ilə müttəfiqlik münasibətləri var: Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Rusiya ilə. Pakistanla müttəfiqliyə yaxın strateji tərəfdaşlıq, Çinlə isə strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Bütün bunlar var.
Azərbaycan inkişaf edən Orta Dəhliz və iqtisadi əlaqələrin şaxələndirilməsi kontekstində, o cümlədən şərq istiqamətinin inkişafı hesabına əlaqələri balanslaşdırmaq istəyir. Bəli, bu baxımdan Azərbaycan ŞƏT-ə maraq göstərir, lakin bu təşkilat bizim üçün həyati əhəmiyyət daşımır. Biz Mərkəzi Asiya dövlətləri ilə paralel olaraq birbaşa münasibətlər də qururuq: “Mərkəzi Asiya + 5” dialoq platforması çərçivəsində. Hansı ki, indi artıq “Mərkəzi Asiya + 6” formatına çevrilib. Azərbaycan həmişə məhz ikitərəfli münasibətlərə üstünlük verib və düşünürəm ki, bundan sonra da belə olacaq. Təşkilatın fəaliyyətində iştirak etmək faydalıdır, lakin mən ŞƏT-ə üzvlüyün əhəmiyyətini şişirtməzdim.
Bunun Azərbaycanın xarici siyasət, xarici iqtisadi mövqeyinə və ya təhlükəsizliyinə ciddi təsir göstərəcəyini düşünmək lazım deyil. Biz ŞƏT-lə əlaqələri qoruyub saxlayacağıq, amma onun Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün əhəmiyyətini şişirtməzdim. Bizi ilk növbədə nəqliyyat-kommunikasiya layihələri və Mərkəzi Asiya ilə Çinin bu layihələrə cəlb olunması maraqlandırır. Baxmayaraq ki, burada da rəqabət mövcuddur. Azərbaycanın hazırda inkişaf etdirdiyi layihələr nə Rusiyada, nə Çində, nə İranda, nə də şərti olaraq Hindistanda xüsusi rəğbət doğurur. Beləliklə, bu baxımdan ŞƏT bizim üçün də oyunçu deyil. Bizim üçün vacib olan Orta Dəhlizlə bağlı münasibətləri bu layihəyə cəlb olunmuş dövlətlərlə birbaşa koordinasiya etməkdir”, – Musabəyov fikrini yekunlaşdırıb.










