Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46 % artaraq 101,96 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 98,49 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,47 ABŞ dolları və ya 4,72 % artaraq 99,21 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Neftin bahalaşması dolların məzənnəsinə təsirli ola bilərmi?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”- a bildirib ki, dünya bazarında neftin qiymətinin 100 dolları keçməsi Azərbaycan üçün ilk növbədə valyuta gəlirlərinin artması deməkdir:
“Azərbaycan iqtisadiyyatında enerji ixracının xüsusi çəkisi yüksək olduğuna görə neftin bahalaşması ölkəyə daxil olan valyuta axınını artırır, tədiyə balansını yaxşılaşdırır və milli valyutanın sabitliyi üçün daha əlverişli şərait yaradır.
2026-cı ilin büdcəsində neftin orta qiymətinin 65 dollar götürülməsi fonunda 100 dollarlıq qiymət kifayət qədər ciddi əlavə gəlir potensialı yaradır. Amma burada bir məsələni xüsusilə vurğulamaq lazımdır.
Neftin 100 dollar olması avtomatik olaraq manatın bahalaşacağı anlamına gəlmir. Neft gəlirinin artması manatın möhkəmlənməsi üçün fundamental imkan yaradır, amma bu gəlirin hansı hissəsinin valyuta bazarına daxil olması, hansı hissəsinin Dövlət Neft Fondunda saxlanılması və büdcə vasitəsilə iqtisadiyyata nə qədər və necə ötürülməsi məzənnənin istiqamətinə birbaşa təsir edir.
Bu gün manatın məzənnəsini yalnız neftin qiyməti ilə izah etmək düzgün deyil. Azərbaycanda məzənnə tam sərbəst üzən rejimdə formalaşmır. Mərkəzi Bankın siyasəti, tədiyə balansı, valyuta bazarında dolların təklifi və tələbi, Dövlət Neft Fondunun valyuta əməliyyatları, idxalın həcmi və inflyasiya gözləntiləri mühüm rol oynayır.
2026-cı il üzrə ekspert qiymətləndirmələrində də Mərkəzi Bankın mövqeyinin məzənnə baxımından həlledici olduğu vurğulanır”. Onun sözlərinə görə, “neft bahalaşdısa, dollar ucuzlaşmalıdır” yanaşması sadələşdirilmiş yanaşmadır:
“Daha düzgün iqtisadi zəncir belədir: neftin qiyməti artır, ixrac gəlirləri yüksəlir, ölkəyə daha çox valyuta daxil olur, valyuta təklifi artır və bütün digər şərtlər dəyişməz qalarsa, manatın möhkəmlənməsi üçün şərait yaranır. Bundan sonrakı qərarı isə məzənnə siyasəti müəyyən edir.
Hazırda Azərbaycanın valyuta imkanları kifayət qədər böyükdür. ARDNF-nin 2026-cı ilin ilk 6 ayının nəticələrinə görə aktivləri 72,6 milyard dollar, karbohidrogen satışlarından gəlirləri 4,9 milyard manat, dövlət büdcəsinə transferi isə 6,4 milyard manat olub.
Bu göstəricilər ölkənin neft gəlirlərini və valyuta ehtiyatlarını idarə etmək üçün ciddi maliyyə imkanlarına malik olduğunu göstərir. Əgər neftin qiyməti 100 dollar və daha yuxarı səviyyədə yalnız bir neçə həftə deyil, uzun müddət, məsələn 1–2 il ərzində qalarsa, vəziyyət daha fərqli olacaq.
Belə ssenaridə Azərbaycanın ixrac gəlirləri əhəmiyyətli şəkildə arta, tədiyə balansının profisiti genişlənə və valyuta ehtiyatlarının yığılması sürətlənə bilər.
Bu isə manatın devalvasiya riskini əhəmiyyətli dərəcədə azaldar və milli valyutanın möhkəmlənməsi üçün daha böyük imkan yaradar. Amma mən belə şəraitdə avtomatik olaraq manatın 1 dollar qarşısında, məsələn, 1,60 və ya 1,50 manata qədər bahalaşacağını gözləmirəm.
Çünki məzənnənin dəyişdirilməsi iqtisadi zərurətdən əlavə, həm də pul-kredit və valyuta siyasəti qərarıdır. Yüksək neft qiyməti şəraitində dövlətin əsas məqsədi məzənnəni dəyişmək yox, mövcud sabitliyi qorumaq da ola bilər. Hətta neftin 100 dollar olması müəyyən hallarda manatın kəskin bahalaşmasına deyil, əksinə, 1,7000 səviyyəsində daha uzun müddət sabit qalmasına səbəb ola bilər.
Çünki yüksək neft gəlirləri Mərkəzi Banka və dövlətə valyuta bazarında sabitliyi qorumaq üçün daha geniş imkan verir. Bu baxımdan, yüksək neft qiymətinin ilk və ən real nəticəsi manatın bahalaşması deyil, manatın sabitliyinin güclənməsidir”.
Burada başqa bir risk də var:
“Neft gəlirlərinin artması dövlət xərclərinin sürətlə genişlənməsinə, idxalın artmasına və iqtisadiyyatda əlavə tələb təzyiqinin yaranmasına səbəb olarsa, valyuta gəlirlərinin bir hissəsi yenidən xaricə idxal ödənişləri formasında çıxa bilər.
Bu halda neftin bahalaşmasının manat üzərində yaratdığı möhkəmləndirici təsir qismən zəifləyir. Ona görə də manatın taleyini müəyyən edən əsas göstərici yalnız “Brent”-in qiyməti sualı deyil. Daha doğru suallar isə bunlardır ki, ölkəyə nə qədər valyuta daxil olur, nə qədər valyuta bazara çıxarılır, nə qədər dollar satılır, idxal üçün nə qədər dollar tələb olunur, tədiyə balansının saldosu nədir və Mərkəzi Bank hansı məzənnə siyasətini həyata keçirir?
Mən hesab edirəm ki, neftin uzun müddət 100 dollar və daha yuxarı olması Azərbaycanda devalvasiya üçün deyil, əksinə, manatın sabitliyinin daha da güclənməsi üçün ciddi fundamental baza yaradar. Lakin bu, manatın mütləq şəkildə bahalaşacağı anlamına gəlmir. Bunun üçün valyuta təklifinin artması ilə yanaşı, məzənnə siyasətində də buna uyğun qərar olmalıdır.
Əsas məsələ neftin 100 dollar olması deyil, 100 dollarlıq neftdən yaranan əlavə gəlirin necə idarə olunmasıdır. Əgər əlavə gəlirlər ehtiyatların artırılmasına, qeyri-neft sektorunun inkişafına və maliyyə sabitliyinin gücləndirilməsinə yönəldilərsə, bu, uzunmüddətli manat sabitliyi üçün müsbət nəticə verəcək.
Əgər gəlirlər əsasən idxalı və daxili tələbi sürətlə artıracaq şəkildə xərclənərsə, neftin yüksək qiymətinin manat üzərində müsbət effekti daha məhdud ola bilər. Bu səbəbdən mənim mövqeyim belədir ki, neftin 100 dolları keçməsi manatın bahalaşması üçün potensial yaradır, lakin avtomatik bahalaşma yaratmır.
Neft 100 dollar səviyyəsində uzun müddət qalarsa, hazırkı şərtlər daxilində manatın zəifləməsi üçün əsaslar daha da azalacaq. Ən real ssenari manatın 1,7000 səviyyəsində sabitliyinin qorunması, daha müsbət ssenari isə məzənnənin müəyyən dərəcədə möhkəmləndirilməsidir.
Yəni neftin qiyməti manat üçün taleyüklü amildir, amma təkamül edən deyil”. İqtisadçı qeyd edir ki, neft ölkəyə dollar qazandırır, lakin həmin dolların manatın məzənnəsinə necə təsir edəcəyini iqtisadi siyasət müəyyən edir”.







