Vaxtilə ləğv edilmiş “Royal Bank”ın baş ofisi olan bina satışa çıxarılıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracda başlanğıc qiyməti 5 milyon 236 min manatdır.
Bina hazırda Mərkəzi Bankın balansındadır.
Qeyd edək ki, ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam, baş direktoru isə mərhum oğlu Fuad Cam olub. Əli Cam 2019-cu ildə Dubayda tutularaq Azərbaycana ekstradisiya edilib. Fuad Cam isə eyni ildə ölkəyə qayıdarkən tutulub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli biliniblər. Əli və Fuad Camlara əvvəl 13 ilə kimi həbs cəzası təyin edilsə də, sonradan cinayət işlərindəki bəzi epizodların ləğvinə görə cəzaları azaldılıb. Ata və oğul ötən il azadlığa çıxsa da, Fuad Cam xərçəng xəstəliyindən dünyasını dəyişib.









