Naxçıvanda bağçalara qəbulda məhdud yerlərin rüşvət və tanışlıq hesabına bölüşdürüldüyü iddia olunur.
Bəzi uşaqlar növbədə önə çəkildiyi üçün digər uşaqlar bağçadan kənarda qalıblar.
Valideynlər deyirlər ki, problem Naxçıvan Təhsil Nazirliyinin göstərişi ilə ASAN xidmətdə yaranıb. Onlara qeydiyyatın yalnız uşağın şəxsiyyət vəsiqəsi ilə aparılacağı bildirilib.
Buna görə bəzi ailələr sənəd çıxarmağa vaxt sərf edib və qeydiyyatda gecikiblər. Sonradan isə doğum haqqında şəhadətnamə ilə qeydiyyatdan keçən bəzi uşaqların da qəbul olunduğu məlum olub.
Şikayətçilər iddia edirlər ki, onların arasında pul verən və ya tanışlığı olan ailələrin övladları da olub. Onların fikrincə, digər valideynlər bu yolla aldadılaraq məhdud yerlərdən kənarda qalıblar.
Valideynlərdən S. Qurbanova deyir ki, qeydiyyat günü bilərəkdən səhv yönləndirildikləri üçün vaxt itiriblər və nəticədə uşağı bağçaya qəbul olunmayıb:
“Ayın 7-də bağça qeydiyyatı üçün ASAN xidmətə getdik. Qeydiyyata bir saat qalmış bizə dedilər ki, Təhsil Nazirliyinin tapşırığıdır, azyaşlı uşaqlar doğum haqqında şəhadətnamə ilə qeydiyyatdan keçə bilməz, mütləq şəxsiyyət vəsiqəsi olmalıdır. Bizimlə birlikdə onlarla valideynin də bundan xəbəri yox idi. Sonra Təhsil Nazirliyinə getdik, orada da eyni şeyi dedilər və təcili şəxsiyyət vəsiqəsi çıxarmağımızı istədilər.”
Şikayətçi bildirir ki, nəticələr açıqlananda onlara deyilənlərlə faktiki qəbul arasında ziddiyyət gördüklərini düşünür:
“Vəsiqəni çıxarıb qeydiyyatdan keçənədək artıq xeyli gecikmişdik, yerlərin çoxu dolmuşdu. İndi nəticələr açıqlanıb və uşağım bağçaya düşməyib. Sonradan gördük ki, doğum haqqında şəhadətnamə ilə qeydiyyatdan keçən uşaqlar qəbul olunublar. Bizə deyilənə görə, rüşvət verənlərin, yaxud tanışı olanların uşaqlarını qabağa salıblar. Yəni, nazirlik yerlərin bir qismini əvvəldən satıb. Bizi gecikdirməklə həmin uşaqları növbədə önə çəkiblər.”
Şikayətçilər aidiyyəti qurumlardan bağçalara qəbul prosesinin araşdırılmasını, növbəliliyin hansı qaydada müəyyənləşdirildiyinin aydınlaşdırılmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"


















