“Ermənistan yeni iqtisadi sistem yarada bilmir”.
KONKRET.az xəbər verir ki, bu barədə Qaqik Sarukyan istintaq təcridxanasından göndərdiyi yeni müraciətində deyib. Onun sözlərinə görə, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda yaranan vəziyyəti xoşagəlməz hal alıb.
İş adamı və “Çiçəklənən Ermənistan” partiyasının lideri hesab edir ki, təcili tədbirlər görülməlidir, əks halda digər sahələr də problemlərlə üzləşəcək. Erməni sahibkarları və fermerləri geri dönməz itkilərlə üzləşməməlidirlər. Onun fikrincə, vəziyyəti düzəltmək imkanları var, lakin özü bunlardan istifadə edə bilmir (həbsdə olduğuna görə).
Sarukyan həmçinin ondan asılı olmayan səbəblərdən bu gün normal fəaliyyət imkanından məhrum olan müəssisə və şirkətlərin işçilərinə də müraciət edib. Hələ bir müddət əvvələdək hakimiyyətin öz ölkəsinin müəssisələrinə və onların işçilərinə qəsdən zərər vuracağını təsəvvür etmək çətin idi. Amma olan oldu, və Sarukyan ümid edir ki, gec-tez bu insanlar öz işlərinə qayıdacaqlar.










