Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini Konstitusiya Məhkəməsinə təqdim edib. Musavat.com xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb.
Xatırladaq ki, 2026-cı il iyunun 4-də Ermənistan və ABŞ TRIPP layihəsinin Ermənistan hissəsinin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar. Layihənin əsası isə 2025-ci ilin avqustunda qoyulub. Həmin vaxt Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev birgə bəyannamə imzalayaraq, İrəvanın Vaşinqton və digər tərəfdaşlarla birlikdə TRIPP layihəsinin hüquqi və institusional əsaslarının formalaşdırılması istiqamətində fəaliyyət göstərəcəyini bəyan etmişdilər. TRIPP çərçivəsində avtomobil və dəmir yolu xətlərinin, eləcə də neft-qaz infrastrukturunun yaradılması nəzərdə tutulur.
Layihəyə əsasən, Azərbaycanın əsas hissəsi Ermənistan ərazisindən keçən 42 kilometrlik marşrut vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdiriləcək, daha sonra isə nəqliyyat dəhlizi Türkiyəyə qədər uzanacaq. Bu ilin may ayında ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM layihənin həyata keçiriləcəyi ərazidə ilkin texniki araşdırmalara başlayıb. Şirkətin mütəxəssisləri ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiyalar üzrə Tərəfdaşlıq Fondu adından İrəvana gələrək marşrutun texniki qiymətləndirilməsi və layihələndirmə işlərinə start veriblər.
Erməni müxalifəti isə "Tramp yolu"na qarşı çıxır. Müxalifət hesab edir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrut Ermənistanın Sünik vilayəti üzərində İrəvanın real nəzarətini zəiflədə bilər. Onların fikrincə, layihədə xarici operatorların və ya beynəlxalq idarəetmə mexanizmlərinin iştirakı ölkənin suverenliyinə risk yaradır. Müxalifət onu da iddia edir ki, layihə Azərbaycanın Türkiyə ilə quru əlaqəsini təmin etməklə Bakının iqtisadi və strateji üstünlüyünü daha da artıracaq. Bu isə Ermənistanın regional danışıqlardakı mövqeyini zəiflədə bilər. Layihənin ABŞ-ın dəstəyi və Amerika şirkətlərinin iştirakı ilə həyata keçirilməsi müxalifətin bir hissəsi tərəfindən Ermənistanın xarici təsirlərdən daha çox asılı vəziyyətə düşməsi kimi qiymətləndirilir. Ermənistan hökuməti bu səbəbdən KM qərarını vacib sayıb. i
Yeri gəlmişkən, Azərbaycan Milli Məclisi "Tramp yolu" ilə bağlı sazişi hələ ratifikasiya etməyib. ABŞ Dövlət Departamenti isə Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan "Tripp+ Enterprise Fund" fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin edib.
Musavat.com











