Məlum olduğu kimi, aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı ictimaiyyətdə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Reklam çarxında qadınların dondurma ilə müqayisə edilməsi bir çox istifadəçi tərəfindən qadınlara qarşı alçaldıcı və stereotipləri təşviq edən yanaşma kimi qiymətləndirilib.
İctimai narazılığın artmasından sonra reklamı hazırlayan dondurma şirkəti sözügedən videonu sosial media hesablarından silərək izləyicilərdən üzr istəyib. Lakin bunun ardınca Taleh Yüzbəyov reklam çarxının loqosuz və reklamsız versiyasını öz sosial şəbəkə hesabında yenidən paylaşaraq videonun səhifəsində qalacağını bildirib. Bu addım isə müzakirələri daha da alovlandırıb.
Musavat.com bildirir ki, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibət bildirib. Komitənin yaydığı açıqlamada qeyd olunub ki, sözügedən reklam müasir cəmiyyətin mənəvi dəyərlərinə, gender bərabərliyi prinsiplərinə və insan ləyaqətinə hörmət anlayışına ziddir.
Bildirilib ki, media və reklam məhsulları cəmiyyətin, xüsusilə də uşaq və yeniyetmələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Gender stereotiplərini təşviq edən birtərəfli məzmunlar sağlam ictimai münasibətlərin inkişafına mənfi təsir göstərməklə yanaşı, müasir cəmiyyətin mənəvi dəyərlərinə və insan ləyaqətinə hörmət prinsipinə də uyğun gəlmir.
Komitə hüquqi aspektə də diqqət çəkərək vurğulayıb ki, bu cür təqdimatlar mövcud qanunvericiliyin fundamental tələbləri ilə uzlaşmır. Belə ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Eyni zamanda, "Reklam haqqında" Qanun reklam məhsullarının etik normalara cavab verməsini, şəxsiyyəti alçaldan, ayrı-seçkiliyi təşviq edən və cəmiyyətdə mənfi davranış modelləri formalaşdıran elementlərdən uzaq olmasını tələb edir. Açıqlamada vurğulanıb ki, hər bir reklam məhsulu kommersiya məqsədləri ilə yanaşı, yüksək sosial məsuliyyət də daşımalıdır.
Bu baxımdan, istənilən reklam və kommunikasiya layihəsində qadınların və kişilərin yalnız vizual obyekt kimi deyil, intellektual potensialı, peşəkarlığı və ictimai fəallığı ilə seçilən sağlam obrazlar şəklində təqdim olunması daha məqsədəuyğun hesab edilir. Bu səbəbdən də bütün aidiyyəti qurumlar və reklam istehsalçıları fəaliyyətlərində həm qanunvericiliyin tələblərinə, həm də ictimai məsuliyyət prinsiplərinə ciddi şəkildə əməl etməlidirlər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Musavat.com-a bildirib ki, estetik əməliyyatlar və müxtəlif kosmetik prosedurlar təkcə qadınlara aid deyil.
“Kişilər də ən az qadınlar qədər estetik əməliyyat etdirir, qaşlarını formaya salır, üz gərmə və digər kosmetik prosedurlardan istifadə edirlər. Bu, artıq bütün dünyada geniş yayılmış bir tendensiyadır. Hər bir insanın öz bədəni ilə bağlı qərar vermək hüququ var və kimin hansı estetik proseduru seçməsi onun şəxsi seçimidir”,_ deyə xanım hüquq müdafiəçisi vurğulayıb.
Onun sözlərinə görə, bu baxımdan reklamlarda yalnız qadınların hədəfə çevrilməsi doğru yanaşma deyil: “Çünki bu gün kişilər də eyni əməliyyatlardan keçir və bunu cəmiyyət də açıq şəkildə görür. Belə olan halda niyə yalnız qadınlar üzərindən stereotiplər yaradılır və tənqid hədəfinə çevrilirlər?”
N.Cəfəroğlu deyib ki, əgər cəmiyyətdə gender bərabərliyindən danışılırsa, diqqət məhz həqiqətən problem olan məsələlərə yönəldilməlidir: “Məsələn, niyə bələdiyyə sədrləri arasında qadınların sayı azdır? Niyə nazir və digər yüksək vəzifələrdə qadınlar kifayət qədər təmsil olunmur? Niyə icra hakimiyyəti başçıları arasında qadınlara demək olar ki, rast gəlinmir? Məhz bu məsələlər müzakirə olunmalı, cəmiyyətin diqqəti bu problemlərə yönəldilməlidir”.
Müsahibimiz qeyd edib ki, qadının estetik əməliyyat etdirib-etdirməməsi, üzünə və ya görünüşünə hansı dəyişiklik etməsi ictimai müzakirənin əsas mövzusu olmamalıdır: “Əsas məsələ qadınların cəmiyyətin müxtəlif sahələrində bərabər imkanlara malik olması, idarəetmədə, siyasətdə, dövlət qurumlarında və qərarvermə prosesində daha geniş təmsil edilməsidir. Eyni zamanda, reklamlar və sosial layihələr qadını yalnız zahiri görünüş üzərindən təqdim etməməlidir. Niyə qadının lider kimi uğurları təbliğ olunmur? Niyə qadının alim, müəllim, həkim, sahibkar, dövlət qulluqçusu kimi nailiyyətləri daha çox ön plana çəkilmir?”
Onun fikrincə, qadın həm anadır, həm ailənin dayağıdır, həm cəmiyyətə layiqli övladlar yetişdirir: “O, vətən üçün qəhrəmanlar böyüdür, qazilər yetişdirir, şəhid anaları olur, ölkənin inkişafına öz zəhməti və biliyi ilə töhfə verir. Cəmiyyətin bu gün malik olduğu bir çox dəyərlərin təməlində qadının əməyi dayanır. Məhz bu keyfiyyətlər reklam olunmalı, qadının böyüklüyü, cəmiyyətdəki əvəzsiz rolu və xidmətləri daha çox ön plana çıxarılmalıdır. Çünki hər bir insanın evində ana, bacı, qız övladı var. İnsanlar bunu düşünməli, qadın haqqında alçaldıcı fikirlər səsləndirməməli, onu təhqir edən və dəyərsizləşdirən məzmunların yayılmasına yol verməməlidirlər”.











