Türkiyənin aparıcı müzalifət partiyası Cümhuriyyət Xalq Partiyasının daxilində (CHP) yeni partiyanın qurulması ilə bağlı müzakirələr davam edərkən prosesin bəzi təfərrüatları bəlli olmağa başlayıb.
Yeniavaz.com“Birgün”ə istinadla xəbər verir ki, Özgür Özəl mətbuata açıqlamasında bildirib ki, hazırda yeni partiyanın nizamnaməsi və proqramı yazılır, eləcə də təsisçilər heyəti müəyyənləşdirilir.
Özəlin sözlərinə görə, iyul ayının sonu və ya avqustun əvvəlində rəsmi addımların atılması planlaşdırılır.
O bildirib ki, siyasi hərəkatın adı və loqosu üzərində işlər davam etdirilsə də, müvəqqəti olaraq ona YENİ Partiya deyilir.
Jurnalist Deniz Zeyrek qeyd edir ki, ilkin olaraq “Yürüyüş” və “İstiklal” kimi adlar müzakirə edilsə də, sonradan YENİ Partiya adı ön plana çıxıb. Bu adın seçilməsində onun yadda qalan olması, asan tələffüzü və “Yeni CHP” imicini asanlıqla yarada bilməsi mühüm rol oynayıb.
Partiyanın loqosunun hazırlanması üçün artıq üç fərqli mərkəzə xüsusi sifariş verildiyi bildirilir. Özgür Özəl dizaynerlərdən hər hansı bir rəmz olmadan, yalnız qırmızı və ağ rənglərdə yazı formasında bir loqo hazırlamağı istəyib. Lakin komandanın bəzi üzvləri rəmzsiz loqonun yaşlı və oxuma-yazma bilməyən seçicilər üçün çətinlik yaradacağını əsas gətirərək buna etiraz ediblər.
Nəşr yazır ki, yeni partiyanın qərargah binasının tapılması istiqamətində də axtarışlar xeyli sürətləndirilib. Bu məqsədlə Mustafa Kamal məhəlləsində əvvəllər başqa bir partiya tərəfindən istifadə edilmiş tam hazır bina nəzərdən keçirilir. İcarə müqaviləsi bağlanarsa, bu qərargah həm CHP-yə, həm də İYİ Partiya və BBP kimi digər partiyalara qonşu olacaq.
Digər tanınmış jurnalist İsmail Saymaz isə yeni partiyanın qurulması üçün rəsmi müraciətin gələn həftə təqdim olunacağını iddia edir. Saymazın yaydığı məlumata görə, Veli Ağbaba, Ali Mahir Başarır, Burhanettin Bulut və Turan Taşkın Özer kimi CHP-nin “ağır topları” yeni partiyada rəhbər vəzifə tutmayacaqlar.
Xatırladaq ki, bu ilin aprel ayında məhkəmə CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.










