Son vaxtlar şəhərdə parklanma ilə bağlı tətbiq olunan cərimələr cəmiyyətdə ciddi müzakirə yaradıb.
İnsanlar marketdən çörək, aptekdən dərman almaq üçün maşını bir neçə dəqiqəlik saxlayır, qayıdanda isə cərimə ilə qarşılaşır.
Daha da qəribəsi odur ki, bəzi hallarda vətəndaşlar öz şəxsi evlərinin qarşısında və ya binalar arasındakı boş sahələrdə avtomobil saxladıqda belə cərimə ilə üzləşirlər.
Şəhərdə dayanacaq problemi həll olunmadan hər boş sahənin qadağa zonasına çevrilməsi sürücülər üçün vəziyyəti daha da çətinləşdirir. Nəticədə insanlar üçün normal hərəkət və gündəlik işlərini görmək belə əlavə xərcə çevrilib.
“Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, praktik həyatda insanların gündəlik ehtiyaclarını nəzərə almayan sərt nəzarət sistemi cəmiyyətdə haqlı narazılıq yaradır:
“Şəhərlərdə parklanma qaydalarının sərtləşdirilməsi son illərdə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində tətbiq olunan yanaşmadır. Məqsəd küçələri açıq saxlamaq, ikinci sıra dayanmanın qarşısını almaq, avtobus zolaqlarını və piyadaların hərəkətini qorumaqdır.
Amma problem ondadır ki, qaydalar sərtləşdirildiyi halda infrastruktur eyni sürətlə inkişaf etmir. Yəni sürücüdən qaydaya tam əməl etmək tələb olunur, amma ona kifayət qədər alternativ dayanacaq imkanı yaradılmır. Nəticədə vətəndaş həm şəhərin sıxlığından əziyyət çəkir, həm də ən qısamüddətli dayanma belə cərimə riski yaradır”.
O bildirib ki, ən çox narazılıq doğuran məsələlərdən biri insanların qısamüddətli dayanmalara görə cərimələnməsidir:
“İnsan marketdən çörək almaq, aptekdən dərman götürmək və ya yaşlı valideynini binanın qarşısında düşürmək üçün avtomobili bir neçə dəqiqəlik saxlayır, qayıdanda isə artıq elektron protokol yazıldığını görür.
Praktik həyatda insanların gündəlik ehtiyaclarını nəzərə almayan sərt nəzarət sistemi cəmiyyətdə haqlı narazılıq yaradır. Çünki şəhər yalnız avtomobillər üçün yox, insanlar üçün qurulur və insanların gündəlik həyat ritmi də nəzərə alınmalıdır.
Əgər hansısa ərazidə qısa müddətli dayanma üçün xüsusi ciblər, “5 dəqiqəlik dayanacaq” zonaları və ya pulsuz qısa park yerləri yoxdursa, vətəndaş faktiki olaraq seçimsiz vəziyyətdə qalır”.
Onun sözlərinə görə, digər ciddi problem isə insanların öz evlərinin qarşısında cərimə olunması ilə bağlıdır:
“Burada hüquqi və faktiki vəziyyət fərqlənir. Qanun baxımından küçə, səkikənarı sahə və ümumi istifadədə olan yol hissəsi şəxsi mülkiyyət sayılmır. Yəni vətəndaş həmin binada yaşasa belə, yol hərəkəti qaydaları orada da qüvvədə qalır.
Əgər avtomobil giriş-çıxışı bağlayırsa, piyadaların hərəkətinə mane olursa, yanğın keçidini tutur və ya nişanlanma tələblərini pozursa, cərimə tətbiq oluna bilər.
Amma insanların etiraz etdiyi məqam başqa məsələdir: binalar tikilərkən kifayət qədər parklanma sahəsi nəzərdə tutulmur, həyətlər sonradan müxtəlif obyektlərlə doldurulur, nəticədə sakinlər avtomobili qoymağa yer tapmırlar.
Daha sonra isə həmin sakinlər “qanunsuz park” adı ilə cərimələnirlər. Bu da insanlarda “Əvvəl şərait yaradılmadan niyə cəza tətbiq olunur?” sualını yaradır. Bəzi hallarda binalar arasındakı boş sahələrdə belə cərimələrin yazılması da mübahisə doğurur.
Əgər həmin ərazi rəsmi şəkildə yol infrastrukturu hesab olunursa və ya hərəkət hissəsinə daxildirsə, orada qaydalar tətbiq edilir. Amma çox vaxt sürücülər hansı sahənin həyət, hansının yol zonası olduğunu aydın şəkildə anlaya bilmirlər.
Şəhərdə nişanlanmanın zəif olması, bəzi yerlərdə qadağa nişanlarının məntiqsiz yerləşdirilməsi və vahid yanaşmanın olmaması problemi daha da artırır. İnsan bir küçədə eyni formada park edib problem yaşamır, başqa küçədə isə eyni vəziyyətə görə cərimələnir. Bu isə qaydalara olan etimadı zəiflədir”.
Ekspert qeyd edib ki, əslində problemin kökü yalnız sürücülərdə deyil, şəhərsalma və nəqliyyat planlamasındadır:
“Əgər minlərlə yeni bina tikilir, avtomobil sayı ildən-ilə artır, amma paralel olaraq çoxmərtəbəli dayanacaqlar, məhəllədaxili park zonaları və qısa müddətli dayanma yerləri yaradılmırsa, cərimə sistemi bir müddətdən sonra nizam yaratmaqdan çox, narazılıq mənbəyinə çevrilir.
İnsanlar qaydaya yox, alternativsiz qalmağa qarşı reaksiya verir. Çünki sürücü üçün əsas sual budur:
“Qadağadırsa, bəs maşını hara saxlayaq?” Normal şəhər idarəçiliyində cərimə son vasitə olmalıdır. İlk mərhələdə şəhərdə kifayət qədər park yeri yaradılmalı, qısa dayanma zonaları təşkil edilməli, sakinlər üçün xüsusi icazəli ərazilər ayrılmalı, daha sonra sərt nəzarət tətbiq olunmalıdır.
Əks halda cəmiyyət bunu təhlükəsizlik və nizam-intizam tədbiri kimi yox, daha çox əlavə maliyyə yükü kimi qəbul edir. Buna görə də parklanma məsələsində balans çox vacibdir: həm şəhərdə xaos olmamalıdır, həm də vətəndaş gündəlik həyatını normal şəkildə davam etdirə bilməlidir”.











