Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan etiraz notası qalmaqalından sonra Moskvadan İrəvana gəlib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, diplomat Aysor.am-a açıqlamasında mayın 11-dən məzuniyyətə çıxdığını və iyunun 1-dək Ermənistanda olacağını bildirib.
Arsenyan məzuniyyətinin son günlər Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginliklə əlaqəli olmadığını iddia edib.
O bildirib ki, məzuniyyət ərizəsini bir ay əvvəl yazıb və bunu Moskvanın Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etməsi ilə əlaqələndirmək düzgün deyil.
“Mənim məzuniyyətimin bu hadisələrlə nə əlaqəsi var? Bu sadəcə təsadüfdür”, - deyə Arsenyan bildirib.
Bununla belə, Ermənistan səfirinin məzuniyyətə çıxması son günlər Moskva ilə İrəvan arasında yaranmış yeni gərginlik fonunda diqqət çəkib.
Xatırladaq ki, mayın 7-də Rusiya Ermənistana rəsmi etiraz notası təqdim edib. Səbəb isə Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvanda səsləndirdiyi anti-Rusiya bəyanatları olub.
Rusiya tərəfi xüsusilə vurğulayıb ki, Ermənistan hakimiyyəti Zelenskinin Rusiyaya qarşı səsləndirdiyi açıqlamalara lazımi mənfi münasibət göstərməyib və bu, Rusiya-Ermənistan tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir.











