Ceyhun Cəlilovun idarəçiliyinə etiraz olaraq Səlahiyyətli Nümayəndəlikdə çalışan üç əməkdaşın eyni vaxtda istefa verdiyi bildirilir.
Bu barədə “Gündəlik Naxçıvan”a nümayəndəlikdəki mənbə məlumat verib.
İstefa verən əməkdaşların Pənah Mehdiyev, Qoşqar Kamilli və Tural Murtuzəliyev olduğu bildirilir. Onlar ərizələrində iş şərtlərinə etiraz olaraq istefa verdiklərini qeyd ediblər. Bununla yanaşı, istefaların arxasında Ceyhun Cəlilovun Ali Məclisdəki rəqiblərinin dayandığı da iddia olunur.
Mənbənin sözlərinə görə, əməkdaşlar əvvəlcədən razılaşaraq istefa ərizələrini eyni vaxtda təqdim ediblər:
“Prezidentin son sərəncamına əsasən, nümayəndəlik əməkdaşlarının sosial təminatı gücləndirilməli, iş təminatı artırılmalı idi. Ceyhun Cəlilov isə bunun əksini edir.
Əməkdaşların uzunmüddətli müqavilələri olduğu halda, onlara bu müqavilələrdən imtina edib üçaylıq müqavilə ilə işləmələri üçün təzyiq göstərir. Bu da narazılığa səbəb olub. Üçü də sözü bir yerə qoyaraq etiraz əlaməti olaraq istefa verib”.
Mənbənin sözlərinə görə, hadisə təkcə əmək müqaviləsi ilə bağlı narazılıq deyil, həm də Ceyhun Cəlilovun idarəçilik üsuluna qarşı kollektiv etirazdır.
“Ceyhun Cəlilov özü də hesab edir ki, bu istefaların arxasında Ali Məclisdəki rəqibləri dayanır”.
“Gündəlik Naxçıvan” məsələ ilə bağlı Səlahiyyətli Nümayəndəliyin və adı çəkilən şəxslərin mövqeyini öyrənməyə çalışır. Qarşı tərəfin münasibəti təqdim olunacağı təqdirdə dərc ediləcək.



















