"Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində sakinlərin şikayəti ilk baxışdan lokal məsələ kimi görünür, amma aidiyyatı dövlət qurumların sükutu mövzunun heç də xırda məsələ olmadığını göstərir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Elçin Rüstəmli qeyd edib.
Onun açıqlamasında daha sonra bildirilir: "Sakinlər deyirlər ki, əvvəlcə kiçik bir yer kimi başlayıb, sonra ağacları kəsə-kəsə, ümumi istirahət sahəsini qəsb edə-kəsə nəhəng bir çayxanaya çevrilən bu məkan bütöv bir məhəlləni girov götürüb.
Sakinlər gecə səs-küyündən evində dincələ bilmir, televiziyalar çəkir, media yazır, amma obyekt sahibi Ədalət Məmmədov hələ də rahatca "sənədləşmə aparıram" deyir. Ortada Ekologiya Nazirliyinin ağac kəsilməsi ilə bağlı tərtib edib Baş Prokurorluğa göndərdiyi akt var! DİN-in rəsmi xəbərdarlığı var! Hətta Xəzər Rayon İcra Hakimiyyəti rəsmən yazır ki, "getdik, qanunsuz konstruksiyaları sökdük, ərazini əvvəlki vəziyyətinə qaytardıq".
Amma reallıq nədir? Sakinlər deyir ki, icra hakimiyyətinin "tədbir gördük" hesabatından sonra obyekt heç nə olmamış kimi eyni qanunsuzluqla fəaliyyətini davam etdirir! Dövlət qurumlarının qərarları, xəbərdarlıqları bu çayxananın qapısında niyə qüvvəsini itirir?
Bu hansı məntiqdir? Bir tərəfdə onlarla ailənin, uşaqların, yaşlıların elementar rahatlıq, təmiz hava və istirahət hüququ, digər tərəfdə isə hər şeyi pul və kommersiya marağı görən bir obyekt... Əgər ortada bu qədər qanunsuzluq, kəsilən ağaclar və sakin etirazı varsa, o obyekt hansı əsasla hələ də fəaliyyət göstərir və hansı yollarla gələcəkdə "çıxarış" almağa ümid edir?
Təəssüf ki, bu cür halların qarşısının qətiyyətlə alınmaması digər qanunsuz tikinti aparmaq istəyənlər üçün də pis bir "yaşıl işıq" presedenti yaradır. Ümid edirəm ki, sakinlərin şikayətinə baxılacaq..."







