Gənclik metro stansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsi 5 ünvanında, Atatürk parkının qarşısında yerləşən “Kənddən Şəhərə” yarmarkasının yaxınlığında sərnişinlər üçün ciddi problem yaranıb.
“Cebheinfo.az” xəbər verir ki, ərazidə aparılan tikinti işləri ilə əlaqədar avtobus dayanacağı sökülüb. Bu səbəbdən avtobus gözləyən insanlar yolun kənarında gözləməyə məcbur olurlar. Hazırda havanın isti və küləkli olması sərnişinlərin vəziyyətini daha da çətinləşdirir.
Dayanacağın olmaması xüsusilə yaşlı insanlar, uşaqlar və uzun müddət avtobus gözləməli olan sərnişinlər üçün narahatlıq yaradır. Əsas narahatlıq isə hava şəraitinin dəyişəcəyi ilə bağlıdır.
Qarşıdakı günlərdə yağış yağacağı təqdirdə sərnişinlərin avtobus gözləyərkən sığınacağı yer olmayacaq. Belə olan halda insanlar həm yağışın altında qalacaq, həm də yol kənarında təhlükəli ərazidə dayanmaq məcburiyyətində olacaqlar.
Xüsusilə tələbələrin Bakıya qayıtdığı və yeni tədris ilinin başladığı dövrdə sərnişin sayının artacağını nəzərə alsaq, dayanacağın olmaması ərazidə daha böyük narahatlığa səbəb ola bilər. Sərnişinlər bildirirlər ki, tikinti işləri davam etdiyi müddətdə ən azı müvəqqəti dayanacaq təşkil edilməlidir.
İnsanların avtobusa minmək və gözləmək üçün təhlükəsiz və hava şəraitindən qoruna biləcəyi bir yerə ehtiyacı var. Hazırda isə ərazidə dayanacağın nə zaman bərpa olunacağı və ya sərnişinlər üçün müvəqqəti dayanacaq yaradılıb-yaradılmayacağı məlum deyil.











