Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) 2026-cı ilin yanvar–iyul aylarında dünyanın 35 ölkəsindən olan 95-ə yaxın şirkətə 15,2 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərib.
Banker.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə xidmətlərin ümumi dəyərinin 5,1 milyon dollar və ya 50,5% artması deməkdir. Ötən ilin yanvar–iyul aylarında “Azərkosmos”un göstərdiyi peyk telekommunikasiya xidmətlərinin dəyəri 10,1 milyon dollar olub.
Bununla belə, xidmətlərin ixracında artım qeydə alınmayıb. 2026-cı ilin ilk yeddi ayında “Azərkosmos”un ümumi gəlirlərinin 62%-i ixrac əməliyyatlarından formalaşıb. Bu, təxminən 9,4 milyon dollar ixrac gəliri deməkdir. 2025-ci ilin eyni dövründə isə ixrac 10,1 milyon dollar təşkil edib və ümumi gəlirlərin 66%-nə bərabər olub. Beləliklə, illik müqayisədə ixrac gəliri təxminən 6,7% azalıb, ixracın ümumi gəlirlərdə payı isə 4 faiz bəndi geriləyib.
“Azərkosmos”un xidmət göstərdiyi ölkələrin sayı da azalıb. 2025-ci ilin-analoji periodunda agentlik 41 ölkəyə, 2026-cı ilin eyni dövründə isə 35 ölkəyə xidmət göstərib. Bu, coğrafiyanın 6 ölkə azalması deməkdir.
2026-cı ilin yanvar–iyul aylarında peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan və Misir qərarlaşıb.
Ən böyük ixrac bazarı Birləşmiş Krallıq olub. Bu ölkəyə ixrac 2,5 milyon dolar təşkil edib. Lüksemburq 1,9 milyon dollarla ikinci, Türkiyə 730,3 min dollarla üçüncü, Pakistan 669,3 min dollarla dördüncü, Misir isə 382,5 min dollarla beşinci yerdə qərarlaşıb.
2025-ci ilin eyni dövründə isə ilk beşlik Birləşmiş Krallıq (2,7 milyon dollar), Lüksemburq (2,1 milyon dollar), Nigeriya (498,9 min dollar), Türkiyə (461 min dollar) və Misirdən (417,5 min dollar) ibarət olub.
Beləlikləə bir il ərzində ixrac coğrafiyasında da dəyişiklik baş verib: Pakistan ilk beşliyə daxil olaraq Nigeriyanı əvəz edib, Türkiyənin ixracı isə təxminən 58,6% artıb. Eyni zamanda Birləşmiş Krallıq və Lüksemburqa ixrac müvafiq olaraq 7,4% və 9,5% azalıb. Misirə ixracda da təxminən 8,4% geriləmə qeydə alınıb.











