Şahbuzda selin yaratdığı fəsadlar günlərdir aradan qaldırılmır, sakinlər rəsmi qurumların ləngliyindən narazıdır. Fermerlər isə əvvəlki təcrübələrə əsaslanaraq, onlara dəyən ziyanın bu dəfə də ödənilməyəcəyindən narahatdırlar.
Son günlər yağan intensiv yağışların yaratdığı sel təkcə təsərrüfatlara ziyan vurmayıb, kəndlərdə gündəlik həyatı da iflic edib. Sel nəticəsində əsas qaz xətlərinin qırıldığı, Şada və Badamlı kəndlərinin, eləcə də Badamlı qəsəbəsinin qaz təchizatının dayandığı bildirilir.
Yerli sakinlərin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, qazın kəsilməsi xüsusilə uşaqlı ailələr üçün ciddi çətinlik yaradıb. Onlar bildirirlər ki, fəsadların aradan qaldırılması üçün rəsmi qurumlar operativ davranmır, görülən işlər isə problemin miqyası ilə müqayisədə yetərli deyil.
Şada kənd sakinlərindən biri deyir ki, qaz xəttinin qırılmasından sonra kənddə gündəlik həyat çətinləşib:
“Sel qaz xəttini qırıb, kənd qazsız qalıb. Yemək bişirə, çay qoya bilmirik. Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik. Yolların da bəzi yerləri dağılıb, gediş-gəliş çətinləşib. Deyirlər ki, guya iş gedir, amma nəticə hələ görünmür. Əsas istəyimiz odur ki, qaz xətti tez bərpa olunsun”.
Badamlı qəsəbəsindən olan başqa bir sakin isə dağlıq ərazilərdə yolların yararsız vəziyyətə düşdüyünü bildirir:
“Maşınla hərəkət etmək çətinləşib. Qazın kəsilməsi də ayrıca problemdir. Selin vurduğu ziyan bir tərəfə, rəsmi qurumların ləngliyi bizi daha çox narazı salır”.
Sel kənd təsərrüfatına da ciddi ziyan vurub. Əkin sahələrinin, meyvə bağlarının və otlaq yerlərinin bir hissəsinin su altında qaldığı bildirilir. Fermerlər məhsul itkisi ilə üzləşdiklərini, lakin dəymiş ziyanın ədalətli hesablanacağına inanmadıqlarını deyirlər.
Əkdiyi məhsulun böyük bir hissəsinin yararsız hala düşdüyünü bildirən fermer Mahsun Babayev sığorta ödənişi ala bilməyəcəyindən qorxur:
“Ötən dəfə də təbii fəlakət mənə minlərlə manat ziyan vurmuşdu. Sığortam ola-ola dəymiş ziyanın heç onda birini də ala bilmədim. Aldadıb pulu silib ciblərinə qoyurlar. İndi də əkin sahəsinə sel suyu dolub. Məhsulun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Meyvə bağlarında da ziyan var. Bu qədər zəhmət çəkmişik, indi zərərin necə hesablanacağını bilmirik. Biz istəyirik ki, aidiyyəti qurumlar gəlib real vəziyyəti yerində görsünlər”.
Sakinlər və fermerlər selin vurduğu ziyanın miqyasının müəyyənləşdirilməsini, qaz xəttinin və yolların qısa zamanda bərpa olunmasını, kənd təsərrüfatına dəyən zərərlə bağlı sığorta və kompensasiya ödənişlərinin təmin edilməsini tələb edirlər.








