
Qaradağ Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama əsasən, hadisə bu il saat 12:00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, Ağasif Məmmədov həyat yoldaşı, zərərçəkmiş Günayə Məmmədova (adı, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs artvadının bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra isə masanın üzərindən ütünü götürərək Günayənin baş nahiyəsinə qəsdən bir dəfə vurub.
Nəticədə zərərçəkmiş şəxsin başının təpə nahiyəsində əzilmiş-cırılmış yara, başın alın və sağ said nahiyələrində qançırlar, eləcə də sol əl nahiyəsində sıyrıq xəsarətləri yaranıb.
Məhkəmədə Ağasif Məmmədov özünü təqsirli bilib və ifadəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Evliliyin ilk illərində münasibətlərinin normal olduğunu deyən təqsirləndirilən şəxs sonradan aralarında problemlərin yarandığını qeyd edib.
O, münasibətlərinin pozulmasının əsas səbəblərindən birinin Günayə Məmmədovanın son vaxtlar ondan gizli şəkildə mobil telefonla danışması olduğunu söyləyib.
Ağasif Məmmədovun dediyinə görə, həmin vaxt qadının mənzilin qonaq otağında telefonla kiminləsə danışdığını görüb: “Günayənin kiminlə danışdığını soruşsam da, cavab ala bilmədim. Həmin vaxt içkili vəziyyətdə idim və buna görə əsəbiləşdim. Telefonla kiminlə danışdığını öyrənmək üçün mobil telefonu istəsəm də, o, vermədi. Bundan sonra aramızda mübahisə yarandı”.
Ağasif Məmmədov məhkəmədə etiraf edib ki, mübahisə zamanı həyat yoldaşının sifət və qol nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra masanın üzərində olan ütünü götürərək Günayənin başına bir dəfə vurduğunu deyib: “Bundan sonra evdən çıxaraq getdim”.
O, məhkəmədə bildirib ki, hazırda Günayə ilə boşanıblar və artıq birlikdə yaşamırlar.
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, qadının ona qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.
























