
“Görünür, Rusiya özü keçmiş SSRİ respublikalarında təxribatlar hazırlayır və öncədən hər şeyi başqalarının boynuna atmağa çalışır. Sergey Narışkinin qeyd etdiyiniz çıxışından yalnız belə nəticəyə gəlmək olar”.
Bu fikri Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkinin ötən həftə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Sankt-Peterburqda keçirilən iclasında Avropa İttifaqını keçmiş SSRİ məkanında sabitliyi pozmaq və müxtəlif ölkələrin xalqlarında etiraz əhval-ruhiyyəsini gücləndirmək məqsədilə diversiyalar, təxribatlar hazırlamağa çalışmaqda ittiham etməsinə münasibət bildirərkən ifadə edib.
“Bütün dünya, o cümlədən Avropa özü yaxşı bilir ki, Rusiyanın diversiyalar təşkil etməkdə mənfi mənada böyük tarixi təcrübəsi var. Bir çox ölkələrdə agenturası da var. Həmçinin bizdə - Azərbaycanda da var. Müəyyən miqdarda... Təəssüf ki, hələ onların kökü kəsilməyib...
Həm də Rusiya indi həmişəki kimi müəyyən təxribatlar hazırlayır ki, guya bu yolla özünün mövcud gərgin və mürəkkəb vəziyyətini heç olmasa bir az yüngülləşdirsin. Ancaq hazırda artıq 5 ilə yaxındır ki, Ukrayna bataqlığına düşmüş bu imperiyanın durumu elədir ki, çabaladıqca daha da bataqlığın dərin yerinə girəcək...
...Sadəcə istəyir ki, özündə vəziyyət pisdirsə, başqalarında da vəziyyət pis olsun. Bu, Rusiyanın köhnə xasiyyətidir. Tarix boyu da belə olub. Bu imperiyanın başında duranlar daim xalqlarını da belə tərbiyə ediblər ki, qonşularda vəziyyət yaxşıdırsa, mütləq elə etmək lazımdır ki, onların durumu pisləşsin”, -deyə davamında istiqlalçı deputat diqqətə çatdırıb.
“Bəs Qərb doğrudanmı keçmiş MDB ərazisində hansısa təxribatlar törətmək niyyəti güdür?” sualına isə siyasətçi belə cavab verib:
“Bir fikirləşmək lazımdır; Qərb, Avropa, yaxud ABŞ niyə eləməlidir o təxribatları? İstənilən təxribatda, istənilən hərəkətdə bir məqsəd olmalıdır. Qərbin nə məqsədi ola bilər ki, burada təxribat törətsin?..”
























