Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində illərdir təmir olunacağı gözlənilən "Ana-bala" parkının ərazisində iki hündürmərtəbəli bina tikiləcək.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "Günəş-İnşaat" MTK-ya icazə verilib.
Yerin isə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığı bildirilir.
Tikitini işlərinə iyunun 7-də start verilib və iki il ərzində başa çatdırılması nəzərdə tutulur.
"Ana-bala" parkının 1.36609 hektar ərazi tikinti sahəsinə ayrılıb. 1.8 hektarlıq ərazidə isə park salınacaq ki, bu da qəsəbə sakinlərini qane etmir.
Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində yaşıllaşdırma və park salınması istiqamətində kifayət qədər geniş layihələr həyata keçirilib. Məqsəd həm yaşıllıq sahələrini artırmaq, həm də yeni ictimai istirahət məkanları yaratmaq olub. "Sovetski" kimi tanınan ərazinin böyük hissəsinin yenidən qurulması nəticəsində Bakının ən iri parklarından biri yaradılmasını, şəhərin mərkəzinə yaxın ərazidə Çəmbərəkənd parkının salınması buna nümunə gətirlə bilər.
Belə olan halda yerli qurumların yaşıllıq salmaq, vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaratmaq əvəzinə, fərqli addım atması birmənalı qarşılanmır.








