MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!

"Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında imzalanan 2026 -2028 ci illər üçün Baş Kollektiv Sazişin 2.2.9. bəndində Minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətən Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərilməsi öz əksini tapır..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində SOCAR işçisi Zamiq Əliyev qeyd edib. Əslində illərdir neft-qaz sənayesi çalışanlarının maaşlarının artmaması həm də qanun pozuntusu faktıdır və buna istinad edən Zamiq Əliyev daha sonra fikrini belə davam etdirir:

"Bu bənd SOCAR-a da birbaşa aiddir və onun üçün hüquqi öhdəlik daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, Baş Kollektiv Saziş ölkə səviyyəsində sosial-iqtisadi münasibətlərin əsaslarını müəyyən edir. Bu saziş, ASK-ya (Sahibkarlar Konfederasiyası) daxil olan və ya dövlət mülkiyyətində olan bütün müəssisələrə, o cümlədən SOCAR-a şamil edilir. SOCAR dövlət şirkəti olaraq və tərkibindəki sahə həmkarlar ittifaqları vasitəsilə AHİK-in sisteminə daxil olduğu üçün bu öhdəliklərdən kənarda qala bilməz.
Sazişdə minimum əməkhaqqının artırılması və onun Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək öhdəliyi qoyulubsa, SOCAR öz daxili tarif dərəcələrini və minimum maaş limitlərini bu hədəflərə uyğun tənzimləməlidir.
Oxuduqlarımdan bu nəticəni çıxardım 2.2.9-cu bənd ümumi dövlət və sosial tərəfdaşlıq öhdəliyidir. SOCAR, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu sosial tərəfdaşlıq sisteminə tabe olan bir qurum kimi, öz işçilərinin minimum əməkhaqqı təminatlarında və daxili sosial siyasətində bu bəndin prinsiplərini rəhbər tutmağa borcludur..."