Azərbaycanda məmur özbaşınalığına qarşı illərlə tədbirlər görülsə də, görünür bəzi kiçik məmurlar hələ də dövlətdən deyil, yalnız kreslosundan güc aldığını düşünür.
Prezidentin sərt xəbərdarlıqları, korrupsiyaya qarşı aparılan əməliyyatlar, vəzifədən çıxarılan, həbsdə çürüyən məmurlar belə bəzi idarə rəhbərlərinə dərs olmayıb. Dövlətin sərvətini qorumağa borclu olanlar həmin sərvətin məhv edilməsində müstəsna rol oynayırlar.
Yenicag.az-a daxil olan məlumata görə, Masallı, Cəlilabad və Yardımlı rayonlarını əhatə edən 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ətrafında səslənən iddialar artıq sıradan səhlənkarlıq məsələsi deyil. Belə ki, Göytəpə meşəbəyliyinin 17 saylı meşə dolayında sənədlər üzərində mövcud göstərilən 76 hektar meşə əkini faktiki olaraq yoxa çıxıb. Bu isə sadəcə bir neçə ağacın kəsilməsi deyil – dövlətin təbiət sərvətlərinin göz görə-görə məhv olması deməkdir.
Çünki 11 saylı regional idarənin direktoru Nəsimi Nəsibovun rəhbərlik etdiyi dövrdə bölgə meşələrinin acınacaqlı vəziyyətə düşdüyünü o bölgədəki hər kəs bilir. İnsanlar haqlı olaraq soruşur: bu qədər ağac necə yox olur? Kim buna cavab verəcək? Niyə aidiyyəti qurumlar susur? Ən əsası isə Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov niyə baş verənlərə münasibət bildirmir? Bir regional idarə rəhbərindən çəkinir? Nazir öz işçisinə irad bildirməkdən bu qədər acizdir?
Unutmayaq ki, Ümummilli Lider Heydər Əliyev “Ağac kəsən mənim qolumu kəsir” deyirdi. Bu gün isə elə mənzərə yaranıb ki, sanki bəzi məmurlar həmin qolu baltalamaq üçün yarışa çıxıblar. Dövlətin sərvətinə cavabdeh olan şəxslərin adının meşələrin məhvi ilə yanaşı çəkilməsi cəmiyyət üçün də, dövlət üçün də ağır siqnaldır. Ancaq müvafiq qurumlar bu özbaşınalığa, sosial mediada yayılan, Ulu Öndərin “qollarım” dediyi ağacların soyqırıma məruz qalmasına səssiz qalırlar. Sanki Nəsimi Nəsibovun suç ortaqlarıdır…
Təkcə Ulu Öndər deyil, bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva illərdir Azərbaycanda ekologiyanın qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çeviriblər. Ölkənin hər yerində parklar salınır, milyonlarla ağac əkilir, yaşıllıq zolaqları genişləndirilir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 kimi qlobal tədbirlərin əsas mesajlarından biri də məhz təbiətin qorunması, ekoloji təhlükəsizlik və yaşıl gələcəyin təmin olunması idi.
Ancaq görünən odur ki, bəzi məmurlar dövlətin zirvəsindən gələn bu nümunədən nəticə çıxarmır. Bir tərəfdə ölkə rəhbərliyi yaşıllığın artırılması üçün beynəlxalq səviyyədə çağırışlar edir, digər tərəfdə isə bölgələrdə meşələr məhv olur, ağaclar yoxa çıxır, aidiyyəti şəxslər isə susur. Əgər doğrudan da 76 hektarlıq meşə sahəsi yoxa çıxıbsa, bu artıq təkcə səhlənkarlıq deyil – dövlətə, təbiətə və gələcək nəsillərə qarşı ağır cinayət iddiasıdır.










