“Biznesmenlər siyasətə gələndə iqtisadi qanunları siyasi manevrlərlə idarə etməyə çalışırlar, amma bu günə qədər kimsə buna nail ola bilməyib. Çünki iqtisadiyyatın öz qanunları var, ana təbiət kimi”.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov bildirib.
“Dünən Tramp yanacaq satıcılarından benzinin qiymətlərini dərhal endirməyi tələb edib. İlk baxışdan bu istehlakçının maraqlarını müdafiə edən sərt mövqe kimi görünür. Amma iqtisadi baxımdan məsələ bu qədər sadə deyil.
Tramp uzun illər bizneslə məşğul olmuş adamdır. O, çox yaxşı bilir ki, dünya bazarında neftin qiyməti enən kimi benzinin pərakəndə satış qiyməti avtomatik və eyni sürətlə ucuzlaşmır. Çünki son qiyməti təkcə xam neft müəyyən etmir. Emal xərcləri, logistika, vergilər, ehtiyatların maya dəyəri və satış marjası da qiymətin formalaşmasında mühüm rol oynayır və zamanla qiymət üzərinə oturur və ya buxarlanır”.
İqtisadçının sözlərinə görə, bazarda rəqabət pozuntusu və ya süni qiymət artımı varsa, dövlətin bunu araşdırması tamamilə normaldır:
“Ancaq "qiymətləri dərhal endirin" tipli ultimativ çağırış bazar iqtisadiyyatının məntiqindən daha çox siyasi ritorika təsiri bağışlayır.
Məncə, Tramp bunları bilmədiyi üçün deyil, əksinə, çox yaxşı bildiyi halda bu cür çıxışlar edir. Məqsəd iqtisadi mexanizmləri dəyişməkdən daha çox, cəmiyyətə "qiymətlərin aşağı düşməsi üçün mübarizə aparıram" mesajını çatdırmaqdır”.









