Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Körpü-Bina-Tikinti” MMC ilə (VÖEN - 3100026151) satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, “Körpü-Bina-Tikinti” MMC Xankəndi şəhərinin müxtəlif yerlərində və Kərkicahan qəsəbəsində işğal dövründə qanunsuz inşa olunmuş bir sıra tikinti obyektlərinin sökülməsi işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 171 min 605 manat 17 qəpik alacaq.
Məlumat üçün bildirək ki, satınalma müqaviləsinin icrasına 11 iyun 2026-cı il tarixində başlanılıb və 11 iyul 2026-cı il tarixində başa çatacaq.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan “Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
“Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb. Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.









