Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılır. Bunu qurumun icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib. O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunub və bu, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək: “Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir”.
O qeyd edib ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Bildirilib ki, əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Məsələn:
Ailə və sahə həkimləri - 1150 manatdan 2000 manata;
Anestezioloq-reanimatoloqlar - 1450 manatdan 3000 manata;
Təcili tibbi yardım şöbələrinin həkimləri - 1550 manatdan 2500 manata qədər əməkhaqqı alacaqlar.
Orta tibb heyətinin əməkhaqqı 17, kiçik tibb heyətinin əməkhaqqı isə 18 faiz artırılır. Ayrı-ayrı vəzifələr üzrə daha yüksək artımlar da nəzərdə tutulub.
Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üçün xüsusi stimullaşdırıcı əlavələr tətbiq ediləcək. Məqsəd həm tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq, həm də bölgələrdə keyfiyyətli tibbi xidməti daha əlçatan etməkdir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Pressklub.az-a şərhində bildirib ki, həkimlərin maaşlarının artırılması əvvəla təkcə TƏBİB müəssisələrini deyil, Azərbaycan Respublikası üzrə istər elmi-tədqiqat institutlarında, istərsə də mülkiyyət formasından asılı olmayaraq xəstəxanalarda çalışan bütün həkimləri əhatə etməlidir. O qeyd edib ki, bu, çox vacib məsələdir və burada ayrı-seçkiliyə də imkan verilməməlidir: “Maaşlar müəyyən bir səviyyədə olmalıdır ki, həkimlərə bir etimad limiti yarada bilsin, həmçinin maaşlarda bir qayda-qanun olmalıdır. Fiks olunmuş maaşlar yeni başlayan həkimlər üçün stajdan və qradasiyadan asılı olaraq dəyişməlidir və bütün bunları qaydaya salan bir tarif sistemi yaratmaq vacibdir”.
Adil Qeybulla həmçinin deyib ki, həkimlərin maaşı elə bir səviyyədə olmalıdır ki, bu, həkimə qarşı etimad yarada bilsin, həkim heç olmasa ildə bir dəfə gedib xaricdə konfransda və ya təcrübə mübadiləsində iştirak edə bilsin və biz bunu istənilən halda təmin etməliyik. O, həkimlərin öz üzərində işləməsinin, təcrübə mübadiləsi keçməsinin və konfranslarda olmasının son dərəcə vacib olduğunu, əks halda həkimin deqradasiya edə biləcəyini qeyd edib.
Sonda professor bildirib ki, bunlar da öz həllini tapmalı və müvafiq səhiyyə strukturlarından həkimlərin peşə fəaliyyətini təmin etmək, peşə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində tədbirlərə dəstək lazımdır ki, müəyyən bir dövr üçün maaşların optimal səviyyəyə çatdırılması mümkün uyğun olsun.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Pressklub.az-a bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatını yalnız sosial xarakterli qərar kimi deyil, Azərbaycan səhiyyəsinin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirmək lazımdır. O qeyd edib ki, bu qərar tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi vasitəsilə onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir, çünki tibb işçisinə edilən investisiya əslində sabah vətəndaşa göstəriləcək tibbi xidmətə edilən investisiyadır.
Deputat bildirib ki, səhiyyənin ən qiymətli resursu bina və ya avadanlıq deyil, insandır və yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi uzun illər tələb etdiyindən peşəkar kadrların sistemdə qorunması hər bir ölkənin səhiyyə siyasətinin əsas strateji məsələlərindən biridir.
O vurğulayıb ki, yeni yanaşmanın mühüm cəhətlərindən biri əməkhaqqı siyasətinin kadr ehtiyacları ilə əlaqələndirilməsidir və xüsusilə regionlarda çatışmayan ixtisasların stimullaşdırılması kadrların ölkə üzrə daha balanslı yerləşməsinə, həmçinin vətəndaşın yaşadığı bölgədə keyfiyyətli tibbi yardıma vaxtında çata bilməsinə imkan verə bilər: “Əməkhaqqının və stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi gənc həkimlərin regionlarda işləməyə marağını artıra, təcrübəli mütəxəssislərin sistemdə qalmasına kömək edə və uzunmüddətli perspektivdə paytaxta olan tibbi miqrasiyanın azalmasını təmin edə bilər. Yalnız maaşı artırmaqla tibbi xidmətin keyfiyyətinin avtomatik yüksələcəyini düşünmək doğru deyil, çünki keyfiyyət davamlı tibbi təhsil, klinik protokollar, pasiyent təhlükəsizliyi və idarəetmə kimi bir çox komponentdən ibarətdir”.
Sonda deputat bildirib ki, əməyinin qarşılığını aldığını hiss edən tibb işçisinin motivasiyası fərqli olur və əməkhaqqı islahatının gələcək mərhələlərdə peşəkarlıq, davamlı təhsil və xidmət keyfiyyəti ilə uzlaşdırılması Azərbaycanda yeni əmək və keyfiyyət mədəniyyətinin formalaşmasına töhfə verə bilər. O vurğulayıb ki, mərkəzində tibb işçisi dayanan bu qərarın son ünvanı Azərbaycan vətəndaşıdır və həkimə yaradılan daha yaxşı şərait ölkənin ən ucqar kənd və rayonunda yaşayan vətəndaşın da keyfiyyətli tibbi xidmət almasına xidmət etməlidir.
Pressklub.az






